Azərbaycanın büdcə təsnifatında yeni dəyişikliklər 2028-ci ildən tətbiq olunacaq.
"Report" xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında - 2027-ci ilin büdcə zərfinin müzakirəsində bildirib.
"Bu gün büdcə təsnifatı ilə bağlı funksional və inzibati təsnifatları artıq yeniləmişik. Müvafiq layihə parlament və aidiyyəti dövlət qurumları ilə sıx əməkdaşlıq çərçivəsində hazırlanıb və qəbul edilib. İqtisadi təsnifat üzərində isə iş aparırıq. Düşünürük ki, gələn ildən beynəlxalq tələblərə uyğun olan, GFSM (Government Finance Statistics Manual - Dövlət Maliyyə Statistikası Təlimatı) adlanan beynəlxalq təsnifat kitabına maksimum uyğunlaşdırılmış yeni təsnifatı təqdim edəcəyik. Bu uyğunlaşma çərçivəsində mövcud tövsiyələr arasındakı fərqləri də tam şəkildə aradan qaldırmağa çalışacağıq.
Müxtəlif səhiyyə və mədəniyyət xərclərinin hansı bölmədə, alt bölmədə və yarımmaddədə əks olunması ilə bağlı aramızda fikir ayrılıqları var. Düşünürük ki, GFSM-ə uyğunlaşma çərçivəsində bu məsələləri də aradan qaldıra biləcəyik. Ona görə də parlamentlə bu istiqamətdə əməkdaşlığımız daimidir və davamlı xarakter daşıyacaq. Düşünürəm ki, xüsusilə gələn ildən yeni iqtisadi təsnifatı yekunlaşdırdıqdan sonra 2028-ci ilin büdcəsini beynəlxalq təsnifata tam uyğunlaşdırılmış yeni funksional, iqtisadi və inzibati təsnifat əsasında tərtib etməklə bir sıra tənzimləmələrə nail ola biləcəyik", - deyə o qeyd edib.