İqtisadi inkişaf artdıqca gömrük orqanlarının dövlət büdcəsinin gəlirlərinin formalaşmasında fiskal rolunun tədricən azalması, cəmiyyətin qorunması funksiyasının isə önəminin artması gözlənilir.
"Report" xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin (DGK) sədri Şahin Bağırov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında 2027-ci ilin büdcə zərfinin müzakirəsi zamanı bildirib.
Onun sözlərinə görə, gömrük xətti ilə formalaşan gəlirlərin, o cümlədən qeyri-neft və neft sektorları üzrə dövlət gəlirlərinin proqnozlaşdırılması metodologiyası təkmilləşdirilməlidir:
"Bu baxımdan hesab edirik, gömrük orqanları tərəfindən bu məsələlərdə təkmilləşdirmələr aparılmalıdır. Hazırda Maliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi və Mərkəzi Bankın iştirakı ilə bu istiqamətdə işlər görürük. Nəticədə əlavə dəqiqləşdirmələr aparılacaq.
Ümumiyyətlə, 19 milyard dollarlıq rəqəm [idxalın gələn ildə gözlənilən həcmi] bizim üçün kifayət qədər böyükdür. Bu, idxalın davamlı olaraq artması ilə də bağlıdır. Burada səsləndirilən suallardan biri gömrük orqanlarının fiskal rolunun nə qədər davam etməli olduğu və ümumiyyətlə, buna ehtiyacın olub-olmamasıdır.
Son dövrlərin tendensiyası, müasir terminlə desək, trendi göstərir ki, gömrük orqanlarının cəmiyyətin qorunması funksiyasına həm deputatlar, həm də cəmiyyət tərəfindən böyük diqqət yetirilir".
Ş.Bağırov hesab edir ki, artıq ölkədə fiskal siyasətin həyata keçirilməsi ilə yanaşı, gömrük orqanlarının cəmiyyətin qorunması sahəsindəki fəaliyyəti də qiymətləndirilir.
"Bu, bizim üçün sevindiricidir. Dünya təcrübəsinə nəzər salsaq, görərik ki, gömrük orqanlarının fəaliyyəti daha çox cəmiyyətin qorunmasına yönəlir. Bu, həmin ölkələrin iqtisadi vəziyyətindən və inkişaf səviyyəsindən asılıdır. Ona görə də ölkəmizdə iqtisadi inkişaf artdıqca, gömrüyün fiskal siyasətdəki rolu və təsir səviyyəsi təbii olaraq azalmağa doğru gedəcək, cəmiyyətin qorunması funksiyasının əhəmiyyəti isə artacaq.
Lakin mövcud vəziyyətdə gömrük orqanlarının qarşısında duran əsas məsələlərdən biri fiskal siyasətin həyata keçirilməsidir. Bu baxımdan bir daha qeyd etmək istəyirəm ki, biz büdcə prosesinin iştirakçısıyıq və aidiyyəti qurumlarla tənzimləmə növləri üzrə işlər aparırıq".
Onun sözlərinə görə, növbəti il üzrə DGK-nın üzərinə düşən məsuliyyət çərçivəsində bu istiqamətdə işlər davam etdiriləcək.
"Əsas məqsəd proqnoz göstəricilərinin yerinə yetirilməsini təmin etməkdir. Biz də həmin proqnoz göstəricilərinə və hesablanmış tənzimləmə növləri üzrə gömrük ödənişlərinin həcminə baxacağıq.
Çünki burada gömrük rüsumları, aksizlər və əlavə dəyər vergisi (ƏDV) mövcuddur. Eyni zamanda, tələbatdan asılı olaraq bunların strukturunda dəyişikliklər baş verir.
İdxal həcminə nəzər salsaq, ötən illə müqayisədə 4 % artım olduğunu görərik. Bu da idxal həcminin gələcəkdə arta biləcəyinə dair müəyyən optimizm yaradır. Lakin bunun necə baş verəcəyini zaman göstərəcək. Qiymətləndirmələr proqnoz göstəriciləri əsasında aparılacaq", - Ş.Bağırov vurğulayıb .