"Suveren Fondların Beynəlxalq Forumu (SFBF) Azərbaycanın inkişaf istiqamətlərinin iri investorlara nümayişi üçün uğurlu platformadır".
"Report" xəbər verir ki, bunu Dövlət Neft Fondunun (ARDNF) icraçı direktoru İsrafil Məmmədov SFBF-nin Bakıda keçirilən 14-cü iclasına həsr olunmuş mətbuat konfransında deyib.
"SFBF kimi qlobal institutun institusional idarəetmə standartlarının və hesabatlılığının ARDNF-in fəaliyyətində əks etdirilməsi, ölkənin investisiya siyasətində və makroiqtisadi sabitliyin təmin edilməsində Fondun rolunun gücləndirilməsinə zəmin yaradır. Bu forum Azərbaycanın 2030-cu ilə baxışı və 2022-2026-cı illər üçün sosial-iqtisadi strategiya kontekstində uzunmüddətli inkişaf potensialının və ölkənin inkişaf istiqamətlərinin iri institusional investorlara nümayiş etdirilməsi üçün uğurlu platformadır", - deyə o, qeyd edib.