Azərbaycanda gənclərin sahibkarlıq subyektlərinin hazırkı maliyyələşmə həcmi 700 milyon avronu ötüb, lakin bu bazarın ümumi potensialı 1,5 milyard avrodan çox qiymətləndirilir.
"Report" xəbər verir ki, bu barədə Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) inklüziv maliyyələşdirmə üzrə mütəxəssisi Vinçentso Lancella (Vincenzo Langella) Bakıda keçirilən "Biznesdə gənclər" (YiB) proqramının təqdimatı zamanı deyib.
"Bu günədək Azərbaycanda gənclərin biznesinə təxminən 700 milyon avrodan çox həcmdə maliyyələşdirmə təqdim edilib. Bu, gənclərə aid olmayan biznesin dəstəklənməsinə yönəldilən maliyyə vəsaiti ilə müqayisədə təxminən 5 dəfə azdır. Bununla yanaşı, aktual hesablamalarımıza əsasən, YiB seqmentində kreditləşmə bazarının potensial tutumu 1,5 milyard avronu ötür", - o bildirib.
Ekspert vurğulayıb ki, bazar potensialı rəsmi maliyyə sektoru tərəfindən təqdim edilən vəsaitlərin hazırkı həcmini iki dəfədən çox üstələyir.
EBRD nümayəndəsi vurğulayıb ki, Azərbaycanda mikro, kiçik və orta müəssisələrin təxminən üçdə biri gənc sahibkarların biznes seqmentinə aiddir: "Bununla belə, tərəfdaş maliyyə təşkilatlarının kredit portfellərində onların real payı orta hesabla demək olar ki, iki dəfə azdır".