“Express Bank”ın xalis mənfəəti 43% artıb

“Express Bank” ASC bu ilin I yarısını 8,028 milyon manat xalis mənfəətlə başa vurub.

“Report” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 42,7 % çoxdur.

Yanvar-iyun aylarında “Express Bank”ın gəlirləri 32,388 milyon manat (illik müqayisədə 22,3 % çox), xərcləri 23,493 milyon manat (19,1 % çox), xüsusi ehtiyatlara ayırmalar üzrə qənaəti 869 min manat (7 dəfə çox), mənfəət vergisi ödəmələri isə 1,736 milyon manat (37,1 % çox) təşkil edib.

Bu il iyulun 1-nə “Express Bank”ın aktivləri 369,581 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 12,6 % çoxdur. Bunun 265,454 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 23 % böyüyüb.

Hesabat dövründə “Express Bank”ın öhdəlikləri 17,9 % artaraq 237,325 milyon manata, o cümlədən depozit portfeli 29,2 % artaraq 165,528 milyon manata, balans kapitalı isə 4,3 % artaraq 132,256 milyon manata çatıb.

Xatırladaq ki, "Express Bank" 1989-cu ildə "Azərnəqliyyatbank" adı ilə fəaliyyətə başlayıb, 2010-cu ildə rebrendinq edib. Onun nizamnamə kapitalı 112,545 milyon manatdır. Bankın səhmlərinin 48,8 %-i “Azenco Group”a, 30,8 %-i “Enerqoservis” MMC-yə, 20 %-i Hafiz Seyidova, 0,4 %-i Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinə məxsusdur.

Digər xəbərlər