Azərbaycan banklarında eyni cihazdan çoxsaylı girişlərə nəzarət gücləndiriləcək

Azərbaycanda banklarda eyni cihazdan çoxsaylı girişlərə nəzarət gücləndiriləcək.

"Report" xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Rəqəmsal fırıldaqçılığın qarşısının alınması və monitorinqi şöbəsinin rəhbəri Elvin Cuvarov Bakıda keçirilən X Beynəlxalq Bankçılıq Forumunda bildirib.

Onun sözlərinə görə, AMB banklara, elektron pul və ödəniş təşkilatlarına müasir antifrod çağırışlarına uyğun olaraq, dələduzluq risklərinin minimuma endirilməsi baxımından tətbiq edilməli olan minimal nəzarət mexanizmlərinə dair tövsiyə məktubu ünvanlayıb: "Burada cihazın etibarlılığının yoxlanılması, eyni cihazın bir neçə müştəri tərəfindən istifadəsinin aşkarlanması, yeni cihazdan girişə nəzarət, tokenləşdirmə, real vaxt rejimində əməliyyatların monitorinqi və vəsaiti qəbul edən, yəni benefisiar tərəflə bağlı nəzarət mexanizmləri nəzərdə tutulub".

"Eyni zamanda, banklardan, ödəniş təşkilatlarından və elektron pul təşkilatlarından bu istiqamətlər üzrə mövcud nəzarət mexanizmlərinin vəziyyəti, mövcud boşluqlar, həmçinin növbəti fəaliyyət planları, icra müddətləri və digər məsələlərlə bağlı məlumatlar topladıq. Yəqin ki, bu ilin sonuna və ya ən uzağı gələn ilin əvvəlinə qədər bu məlumatlar təhlil ediləcək. Ehtiyac yaranarsa, növbəti tövsiyə məktubu ünvanlanacaq və ya inkişaf etdirilməsinə ehtiyac duyulan istiqamətlər üzrə əlavə tədbirlər görüləcək",- deyə AMB rəsmisi əlavə edib.

Digər xəbərlər