“Express Bank”ın xalis mənfəəti 3 % azalıb

“Express Bank” ASC 2023-cü ili 12,015 milyon manat xalis mənfəətlə başa vurub.

“Report” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2022-ci ilə nisbətən 3,2 % azdır.

Ötən il “Express Bank”ın gəlirləri 76,631 milyon manat (əvvəlki illə müqayisədə 14,9 % çox), xərcləri 58,087 milyon manat (14,6 % çox), xüsusi ehtiyatlara ayırmaları 2,657 milyon manat (əvvəlki il qənaət edib), mənfəət vergisi ödəmələri isə 3,871 milyon manat (7,4 % az) təşkil edib.

Bu il yanvarın 1-nə “Express Bank”ın aktivləri 560,228 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 28,2 % çoxdur. Bunun 404,254 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 38,6 % böyüyüb.

Hesabat dövründə “Express Bank”ın öhdəlikləri 39,8 % artaraq 430,32 milyon manata, o cümlədən depozit portfeli 19,3 % artaraq 230,411 milyon manata, balans kapitalı isə 0,6 % artaraq 129,908 milyon manata düşüb.

Xatırladaq ki, "Express Bank" 1989-cu ildə "Azərnəqliyyatbank" adı ilə fəaliyyətə başlayıb, 2010-cu ildə rebrendinq edib. Onun nizamnamə kapitalı 112,545 milyon manatdır. Bankın səhmlərinin 48,8 %-i “Azenco Group”a, 30,8 %-i “Enerqoservis” MMC-yə, 20 %-i Hafiz Seyidova, 0,4 %-i Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinə məxsusdur.

Digər xəbərlər