“Express Bank” ASC bu ilin yanvar-sentyabr aylarını 9,968 milyon manat xalis mənfəətlə başa vurub.
“Report” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 11,3 % azdır.
9 ay ərzində “Express Bank”ın gəlirləri 56,222 milyon manat (illik müqayisədə 14,2 % çox), xərcləri 42,765 milyon manat (18,5 % çox), xüsusi ehtiyatlara ayırmaları 1,016 milyon manat (1 il bundan əvvəl qənaət edib), mənfəət vergisi ödəmələri isə 2,473 milyon manat (3,2 % az) təşkil edib.
Bu il oktyabrın 1-nə “Express Bank”ın aktivləri 498,489 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 18 % çoxdur. Bunun 355,425 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 27,7 % böyüyüb.
Hesabat dövründə “Express Bank”ın öhdəlikləri 29,4 % artaraq 371,112 milyon manata, o cümlədən depozit portfeli 9 % artaraq 194,126 milyon manata çatıb, balans kapitalı isə 6,1 % azalaraq 127,377 milyon manata düşüb.
Xatırladaq ki, "Express Bank" 1989-cu ildə "Azərnəqliyyatbank" adı ilə fəaliyyətə başlayıb, 2010-cu ildə rebrendinq edib. Onun nizamnamə kapitalı 112,545 milyon manatdır. Bankın səhmlərinin 48,8 %-i “Azenco Group”a, 30,8 %-i “Enerqoservis” MMC-yə, 20 %-i Hafiz Seyidova, 0,4 %-i Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinə məxsusdur.