Azərbaycanın iqtisadi artım strategiyasında iki əsas istiqamət müəyyən edilib.
"Report" xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyinin Aparat rəhbəri Elvin Camalov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin 2027-ci ilin büdcə zərfinin müzakirəsinə həsr olunmuş bugünkü iclasında bildirib.
Onun sözlərinə görə, növbəti il və ortamüddətli dövr üçün iqtisadi siyasətin əsas məqsədi ixracyönümlü, özəl investisiyalara əsaslanan və regionları əhatə edən iqtisadi artıma nail olmaqdır.
Bu məqsədə çatmaq üçün iki əsas istiqamət müəyyənləşdirilib. Birinci istiqamət yerli resurslara əsaslanan sənaye sahələrinin inkişafıdır. Bura dağ-mədən sənayesi, metallurgiya, kimya, əczaçılıq, qida və pambıq emalı, eləcə də toxuculuq daxildir.
İkinci istiqamət isə ixrac potensialına malik xidmət sahələrinin inkişafıdır. Bu sahələrə nəqliyyat, logistika, turizm, informasiya texnologiyaları və məlumat mərkəzləri aiddir".
E. Camalov qeyd edib ki, bu hədəflərin daha sürətlə reallaşdırılması üçün bir sıra təkliflər hazırlanır: "Bunlara iri sənaye layihələri üzrə texnologiya transferinin təşviqi, daşınmaz əmlak bazarında investisiya fəallığının artırılması, vergi üzrə artıq ödənişlərin geri qaytarılması mexanizminin təkmilləşdirilməsi, eləcə də irihəcmli xarici investisiyaların cəlb edilməsi üçün əlavə stimulların yaradılması daxildir.
Strategiya layihələrinin sürətləndirilməsi və icrası, həmçinin dövlət qurumları arasında koordinasiyanın təmin edilməsi məqsədilə Baş nazirin müavininin rəhbərliyi altında müvafiq komissiya çərçivəsində işçi qrupu yaradılıb və hazırda fəaliyyət göstərir".
Onun sözlərinə görə, mövcud şəraitdə Azərbaycan iqtisadiyyatı öz dayanıqlığını qoruyub saxlamağa davam edir. Strategiya dövrünün nəticələrinə nəzər saldıqda, 2026-cı il üzrə proqnozlaşdırılan göstəricilər də daxil olmaqla, 2022–2026-cı illər ərzində ÜDM orta illik hesabla 2,7 %, qeyri-neft-qaz sahəsi isə 5,2 % artım göstərəcək ki, bu da əvvəlcədən müəyyən olunmuş hədəfi üstələyir.
"Son dövrdə iqtisadiyyatda mühüm keyfiyyət transformasiyaları da müşahidə olunub. Belə ki, 2026-cı ilin gözlənilən nəticəsi də nəzərə alınmaqla, 2019-cu ildən etibarən qeyri-neft-qaz ixracı 2,5 dəfə yüksələcək; 1 oktyabr 2026-cı il tarixinə strateji valyuta ehtiyatları 2018-ci ilin sonu ilə müqayisədə iki qat artaraq 89,4 milyard dollar səviyyəsinə çatıb - bu rəqəm illik Ümumi Daxili Məhsulu aşır və xarici dövlət borcunu təqribən 20 dəfə üstələyir; qeyri-neft-qaz özəl sektorda əmək müqavilələrinin sayı həmin müddət ərzində demək olar ki, iki dəfə çoxalıb və ümumi müqavilələrin 56,5 %-ni təşkil edir", - E. Camalov əlavə edib.