Gələn ilin dövlət büdcəsinə dair üç əsas istiqamət üzrə təkliflər irəli sürülüb.
"Report" xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyinin Aparat rəhbəri Elvin Camalov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında 2027-ci ilin büdcə zərfinin müzakirəsi zamanı bildirib.
Onun sözlərinə görə, 2027-ci ilin dövlət büdcəsi bir neçə mühüm hədəfi əhatə edir: "Bu hədəflər sırasında fiskal dayanıqlığın və makroiqtisadi sabitliyin təmin edilməsi, eləcə də ölkənin uzunmüddətli sosial-iqtisadi inkişaf prioritetlərinin maliyyə baxımından dəstəklənməsinin gücləndirilməsi yer alır. Bu kontekstdə fiskal siyasətlə iqtisadi siyasətin uyğunlaşdırılmış formada reallaşdırılması məqsədilə üç istiqamətdə təkliflər təqdim edilib.
Birinci istiqamət fiskal dayanıqlıqla iqtisadi artım arasında optimal tarazlığın təmin olunmasıdır. Uzunmüddətli perspektivin reallıqlarını nəzərə alaraq, büdcənin neft gəlirlərinə bağlılığının gəlir mənbələrinin diversifikasiyası hesabına mərhələli şəkildə azaldılması zəruri hesab olunur. Eyni zamanda, fiskal dayanıqlığın möhkəmləndirilməsi yönündə görülən tədbirlər biznesin öz resursları hesabına genişlənmə imkanlarını dəstəkləməyə davam etməlidir".
E. Camalov hesab edir ki, ikinci istiqamət dövlət xərclərinin iqtisadi artıma, məhsuldarlığa və özəl sektora multiplikativ təsirinin artırılmasıdır: "Bu məqsədlə büdcə vəsaitlərinin nəticəyönümlü şəkildə və prioritetlər əsasında paylanması əsas çağırışlardan biri kimi dəyərləndirilir.
Üçüncü istiqamət isə fiskal çərçivədə maliyyə dərinliyinin artırılmasının dəstəklənməsinin davam etdirilməsidir. Məlum olduğu kimi, makrofiskal çərçivə həm resurs yaradan, həm də resurs cəlb edən mexanizmdir. Bu baxımdan daxili kapital bazarının inkişaf etdirilməsi, institusional investor bazasının formalaşdırılması və uzunmüddətli maliyyə resurslarına çıxışın genişləndirilməsi məqsədilə borclanma əməliyyatlarının artırılması da diqqət mərkəzində saxlanılmalıdır".