Hesablama Palatası: Gələn il büdcənin 20 gəlir mənbəyindən 15-də artım olmalıdır

2027-ci ildə Azərbaycanın dövlət büdcəsinin 20 gəlir mənbəyindən 15-i üzrə artım, 4-ü üzrə azalma nəzərdə tutulub, hüquqi aktların tələblərindən irəli gələrək, 1 mənbə ləğv edilib.

"Report" xəbər verir ki, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında - 2027-ci ilin büdcə zərfinin müzakirəsində bildirib.

"Təhlillər büdcə gəlirlərinin artımının əsasən vergi daxilolmaları hesabına təmin ediləcəyini göstərir. Vergi gəlirlərinin təxminən yarısının dolayı vergilər hesabına formalaşdırılması nəzərdə tutulur ki, bu da müvafiq vergilərin dövlət büdcəsi gəlirlərinin təmin edilməsində əhəmiyyətli fiskal mənbə olaraq qalacağını göstərir. Növbəti ildə iqtisadi artım və inflyasiya gözləntiləri, vergi inzibatçılığının və nəzarət mexanizmlərinin təkmilləşdirilməsi, habelə qanunvericiliyə təklif olunan dəyişikliklər hesabına əlavə gəlir potensialının formalaşması şəraitində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə daxilolmaların proqnozunun cari ilin göstəricisini əhəmiyyətli dərəcədə üstələməsi gözlənilir", - deyə o qeyd edib.

Bundan başqa, sədrin sözlərinə görə, gələn il idxalın dəyərinin 32,2 milyard manata yüksələcəyi, bu sahədə güzəşt və azadolmaların tətbiq edilməsinin daxilolmalara azaldıcı təsir edəcəyi şəraitdə növbəti il üçün Dövlət Gömrük Komitəsi xətti ilə təmin edilməli gəlirlərin idxal həcminə nisbəti əvvəlki ilin faktiki göstəricisi ilə müqayisədə 0,6 faiz bəndi yuxarı, cari ilin proqnozu ilə müqayisədə 0,3 faiz bəndi aşağı proqnozlaşdırılıb: "Növbəti ildə gömrük inzibatçılığının əsas göstəricilərindən olan yığımın inzibati xərci - başqa sözlə, hər 100 manat daxilolma üçün 3,73 manat xərc çəkilməsi gözlənilir ki, bu da beynəlxalq qiymətləndirmələrdə orta-effektiv hesab olunur.

Gömrük inzibatçılığı sahəsində aparılan davamlı islahatlarla gömrük ödənişlərinin yığılması sistemində şəffaflığın əhəmiyyətli dərəcədə genişləndirilməsi günümüzün reallıqlarındandır. Eyni zamanda, gömrük orqanları xətti ilə güzəşt və azadolmaların illik məbləği 3 milyard manat civarında olmaqla artım meyilləri ilə proqnozlaşdırılmaqdadır. Qanun layihəsində gömrük rüsumlarının məbləği 1 milyard 867 milyon manat göstərilib. Lakin bu məbləğin 30 milyon manatı gömrük rüsumları üzrə deyil, gömrük yığımları üzrə proqnozlaşdırılıb. Hesab edirik ki, bu məsələ üzrə bu və ya növbəti büdcə layihəsində dəyişikliklər edilə bilər".

Digər xəbərlər