Azərbaycan Türkiyə iqtisadiyyatına birbaşa investisiya qoyuluşunu 65 %-ə yaxın artırıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan Türkiyə iqtisadiyyatına 288 milyon 613 min ABŞ dolları birbaşa investisiya qoyub.

"Report" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 64,5 % çoxdur.

Hesabat dövründə Azərbaycanın Türkiyə iqtisadiyyatına investisiya qoyuluşunun ümumi investisiyalarda payı 12,7 %-dən 14,2 %-ə qalxıb.

9 ay ərzində Türkiyə isə Azərbaycan iqtisadiyyatına 911 milyon 956 min ABŞ dolları birbaşa investisiya yatırıb. Bu, 1 il əvvələ müqayisədə demək olar dəyişməyib.

Hesabat dövründə Türkiyənin Azərbaycanın iqtisadiyyatına investisiya qoyuluşunun ümumi investisiyalarda payı 20,2 %-dən 19,3 %-ə düşüb.

Xatırladaq ki, yanvar-sentyabr aylarında Azərbaycandan xaricə yönəldilmiş birbaşa investisiyalar 2 milyard 038 milyon 685 min ABŞ dolları (ötən ilin eyni dövrü ilə müqayisədə 47,6 % çox), ölkəyə xaricdən cəlb edilmiş birbaşa investisiyalar isə 4 milyard 522 milyon 578 min ABŞ dolları (4,7 % çox) təşkil edib.

Digər xəbərlər