2027-ci ildə Azərbaycanda peşə hazırlığı və əlavə təhsil tədbirlərinin maliyyələşdirilməsi üçün proqnozlaşdırılan 27,3 milyon manat vəsait 18 500 işsiz və işaxtaran şəxsin peşə hazırlığına cəlb edilməsinə yönəldiləcək.
"Report" bu barədə Hesablama Palatasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İşsizlikdən Sığorta Fondunun 2027-ci il büdcəsi ilə bağlı qanun layihəsinə verdiyi Rəydə bildirilir.
Sənədə əsasən, bu, cari ilin göstəricisi ilə müqayisədə 1 000 nəfər və yaxud 5,7 % çoxdur.
Bu çərçivədə peşə hazırlığının təşkili üçün özəl tədris müəssisələrinə 7,8 milyon manat və yaxud ümumi vəsaitin 28,6 %-nin, peşə hazırlığı mərkəzlərinin fəaliyyətinin maliyyələşdirilməsinə 9,2 milyon manat və yaxud ümumi vəsaitin 33,7 %-nin ayrılması proqnozlaşdırılıb. Beləliklə, qeyd olunan iki istiqamət üzrə ümumilikdə 17 milyon manat nəzərdə tutulub ki, bu da cari illə müqayisədə 1,8 % və yaxud 0,3 milyon manatçoxdur.
Bununla yanaşı, təqaüdlərin ödənilməsi üçün 8,8 milyon manat (0,9 milyon manat və yaxud 11,4 % çox), beynəlxalq sertifikasiya kurslarının maliyyələşdirilməsi üçün 1 milyon manat (0,5 milyon manat və yaxud 50 % çox), peşə hazırlığı mərkəzlərində tədris olunan peşələr üzrə əyani tədris materiallarının və peşə hazırlığı kursları üzrə təbliğat materialları hazırlanması və digər tədbirlər üçün isə 0,5 milyon manat (0,1 milyon manat və yaxud 25 % çox) pul proqnozlaşdırılıb.