Azərbaycan və Özbəkistan maliyyə sektorunda təcrübə mübadiləsi aparıb

Azərbaycan və Özbəkistan maliyyə sektorunda təcrübə mübadiləsi aparıb.

"Report" bu barədə Azərbaycan Mərkəzi Bankında (AMB) istinadən xəbər verir.

Məlumata əsasən, bununla bağlı müzakirələr Özbəkistan Mərkəzi Bankının sədr müavini Abrorkhuja Turdalievin rəhbərlik etdiyi geniştərkibli nümayəndə heyətinin Azərbaycan Mərkəzi Bankında (AMB) işgüzar səfəri çərçivəsində aparılıb.

Bildirilib ki, buraya nağd pul dövriyyəsinin təşkili və tənzimlənməsi, nağd pula tələbatın proqnozlaşdırılması, pul ehtiyatlarının idarə edilməsi, kağız və metal pul nişanlarının istehsal mərhələləri, eləcə də pul nişanlarının saxtalaşdırılmasına qarşı mübarizə işinin təşkili; bank nəzarəti proseslərinin təşkili və avtomatlaşdırılması, risk-əsaslı bank nəzarəti yanaşmasının tətbiqi, hesabatların toplanması, təhlili və emalı prosesləri və bu proseslərdə süni intellektin tətbiqi imkanları; informasiya sistemləri və kibertəhlükəsizliyin təmin edilməsi, maliyyə sektorunda sahəvi Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzinin (FinCERT) fəaliyyətinin təşkili, kiberinsidentlərin aşkarlanması və onlara operativ reaksiya verilməsi, rəqəmsal maliyyə dələduzluğuna qarşı mübarizə (Antifraud) sahəsində tətbiq olunan yanaşmalar, eləcə də süni intellekt texnologiyalarının inkişafı, təhlükəsiz tətbiqi və bununla bağlı risklərin idarə edilməsi daxildir.

Bundan başqa, tərəflər informasiya infrastrukturunun idarə edilməsi, server və şəbəkə struktur vahidlərinin mərkəzləşdirilmiş idarəedilməsi, əməliyyatın davamlılığı üzrə illik fəaliyyətlər və data mərkəzlərdə dayanıqlılığın təşkili; süni intellektin tətbiq təcrübəsi, o cümlədən süni intellekt üzrə istifadə ssenariləri (use case) seçmək metodologiyası, hesablama infrastrukturunun (GPU resursları) gücləndirilməsi planları, eləcə də tətbiq prosesində mövcud çağırışlar istiqamətlərində təcrübə mübadiləsi aparıblar.

Səfər çərçivəsində nümayəndə heyəti AMB-nin sədr müavini Gülər Paşayeva və baş direktor Rəşad Məmmədovla görüşüb. Görüşlərdə iki ölkənin mərkəzi bankları arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsinin əhəmiyyəti vurğulanıb.

Digər xəbərlər