"İpək Yolu Sığorta": Qüvvədə olan müqavilələr üzrə öhdəliklər tam icra ediləcək

"İpək Yolu Sığorta" ASC-nin lisenziyası məhdudlaşdırılsa da, şirkət qüvvədə olan müqavilələr üzrə üzərinə götürdüyü öhdəlikləri tam icra edəcək.

"Report" xəbər verir ki, bu barədə "İpək Yolu Sığorta" məlumat yayıb.

"Şirkət uzunmüddətli strateji hədəflərinə və gələcək inkişaf prioritetlərinə uyğun olaraq, fəaliyyət istiqamətlərinin yenidən qiymətləndirilməsi və optimallaşdırılması çərçivəsində, sığorta fəaliyyəti üzrə lisenziyasının könüllü qaydada məhdudlaşdırılması barədə Azərbaycan Mərkəzi Bankına müraciət edib. Strateji inkişaf prioritetlərinə uyğun olaraq, qarşıdakı dövrdə həyata keçirilməsi nəzərdə tutulan tədbirlər və planlaşdırılan yeniliklər barədə əlavə məlumatlar təqdim olunacaq", - deyə açıqlamada qeyd olunub.

Xatırladaq ki, "İpək Yolu Sığorta" 2011-ci ildə "AZAL Sığorta" ASC-nin bazasında yaradılıb. Onun nizamnamə kapitalı 30 012 500 manatdır. Şirkətin səhmlərinin 96,5 %-i "ASG Business Aviation" MMC-yə, 3,5 %-i isə "Azərbaycan Hava Yolları" QSC-yə məxsusdur.

Digər xəbərlər