Asiya İnkişaf Bankı (ADB) Azərbaycan iqtisadiyyatının 2025-ci ildə 3,4 %, 2026-cı ildə isə 3,3 % artacağını proqnozlaşdırır.
Bu barədə “Report” Banka istinadən xəbər verir.
Əvvəlki gözləntilərlə müqayisədə cari il üçün ÜDM artım tempi proqnozu 0,8 faiz bəndi yaxşılaşdırılıb.
Beləliklə, ADB 2025-2026-cı illərdə Azərbaycan iqtisadiyyatının orta illik artımını 3,35 % səviyyəsində qiymətləndirir.
Hesabat müəllifləri vurğulayıblar ki, 2024-cü ildə iqtisadi artım dövlət investisiyalarının yüksəlməsi hesabına sürətlənib, ərzaq və xidmətlər daxil olmaqla əsas əmtəə qrupları üzrə inflyasiyanın yavaşlaması isə iqtisadi vəziyyətin sabitləşməsinə imkan verib:
“Bununla belə, ötən ilin ortalarında yanacağın tənzimlənən qiymətlərinin artması, gözlənildiyi kimi, bu il ərzində inflyasiyaya yenidən təzyiq göstərəcək”.
Bankın ekspertləri proqnozlaşdırırlar ki, Azərbaycanda 2025 və 2026-cı illərdə iqtisadi artım yavaşlayacaq: “Əsas səbəb neft hasilatının azalması olacaq və bu da dövlət investisiya xərclərinin aşağı düşməsinə, cari hesab profisitinin daha da azalmasına gətirib çıxaracaq”.
Hesabatda qeyd edilib ki, daha şaxələndirilmiş, rəqabətqabiliyyətli və dayanıqlı iqtisadiyyat yaratmaq üçün əsas tədbirlər dövlət müəssisələrində islahatların davam etdirilməsi və özəl sektorun rolunun gücləndirilməsi olaraq qalır.
ADB həmçinin sektoral dinamikaya diqqət çəkir. Hesabata görə, ümumi dövlət xərclərinin artacağı proqnozlaşdırılır, lakin investisiya xərclərinin azalması iqtisadi artıma mənfi təsir göstərə bilər. Neft hasilatının azalması təbii qaz istehsalının artması ilə qismən kompensasiya ediləcək.
Proqnozlara görə, xidmət sektoru 2025-ci ildə 5,2 %, 2026-cı ildə isə 5 % artacaq. Kənd təsərrüfatında 2025-ci ildə 1 %, 2026-cı ildə isə 0,9 % artım gözlənilir. Sənaye sektorunun 2025-ci ildə 1,5 %, 2026-cı ildə isə 1,4 % artacağı proqnozlaşdırılır.
Eyni zamanda, Bank ümumilikdə Qafqaz və Mərkəzi Asiya ölkələrində zəif xarici tələb səbəbindən iqtisadi fəallığın yavaşlamasını gözləyir: 2024-cü ildə regionda artım 5,7 % təşkil edibsə, 2025-ci ildə 5,4 %-ə, 2026-cı ildə isə 5 %-ə düşəcəyi proqnozlaşdırılır.
Azərbaycan İqtisadiyyat Nazirliyinin proqnozuna görə, 2025-ci ildə ÜDM-in artımı 3,5 % səviyyəsində gözlənilir, ölkənin Mərkəzi Bankı isə bunu 3,3 % qiymətləndirir.
Beynəlxalq reytinq agentliklərinin proqnozları fərqlənir. “S&P Global” illik 2 % səviyyəsində artım, “Fitch Ratings” 2025-ci ildə 3 % və 2026-cı ildə 2,4 %, “Moody's” isə hər il 2,5 % artım gözləyir.
Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) 2025-ci ildə 3 %, 2026-cı ildə isə 2,5 % artım proqnozlaşdırır, Dünya Bankı isə müvafiq olaraq 2,7 % və 2,4 % gözləyir.
2024-cü ildə Azərbaycan iqtisadiyyatı 4,1 % artıb, lakin 2025-ci ilin yanvar-fevral aylarında artım tempi 0,2 %-dək yavaşlayıb.