ADB Azərbaycanda ticarət sənədlərinin rəqəmsallaşdırılmasını dəstəkləyəcək

Asiya İnkişaf Bankı (ADB) Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Proqramının (CAREC) 2030-cu ilə qədər inteqrasiya olunmuş ticarət gündəliyinin ikinci mərhələsi olan "Rəqəmsal ticarətin sürətləndirilməsi" layihəsinin (Alt layihə 3) həyata keçirilməsi üçün regional texniki yardımı təsdiqləyib.

"Report" ADB-yə istinadən xəbər verir ki, layihə Azərbaycan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Monqolustan, Pakistan, Çin, Tacikistan, Türkmənistan və Özbəkistanı əhatə edir.

Dəyəri 900 min ABŞ dolları olan layihənin Cənubi Koreyanın Elektron Asiya və Bilik Tərəfdaşlığı Fondu vasitəsilə maliyyələşdirilməsi planlaşdırılır.

Alt layihə əməliyyatların sadələşdirilməsi üçün ticarət sənədlərinin rəqəmsallaşdırılması prosesinin sürətləndirilməsini, eləcə də rəqəmsal ticarət üzrə model qaydaların, prinsiplərin və standartların, sərhədlərarası məlumat axınını idarəetmə sisteminin və sərhədlərarası ödənişlərin həyata keçirilməsinə kömək edən alətlərin istifadəsinin təşviqini nəzərdə tutur.

"Bir çox CAREC ölkələrində elektron ticarət sənədləri hələ tam tanınmayıb. Bu ölkələrin əksəriyyəti rəqəmsal strategiyalar qəbul etsə də, rəqəmsal ticarət üzrə model qaydalar, prinsiplər və standartlardan tam şəkildə istifadə etmir. Rəqəmsal ticarətin və digər biznes fəaliyyətlərinin əsasını təşkil edən sərhədlərarası məlumat axını məxfilik, uyğunluq, istehlakçı hüquqlarının qorunması və kibertəhlükəsizlik məsələlərinin nəzərə alındığı idarəetmə sistemi tələb edir", - məlumatda bildirilir.

ADB qeyd edir ki, sərhədlərarası ödənişlərin qəbul edilməsi rəqəmsal ödəniş siyasətindəki fərqlər və ödəniş sistemlərinin uyğunsuzluğu səbəbindən ciddi bir problemdir ki, bu da elektron əməliyyatları məhdudlaşdırır.

"Sərt və yumşaq infrastruktur problemləri biliklərin genişləndirilməsi, pilot layihələrin həyata keçirilməsi və potensialın artırılması yolu ilə həll edilməlidir. Layihənin icrası nəticəsində rəqəmsal ticarət sahəsində tədbirlər haqqında biliklərin dərinləşəcəyi, rəqəmsal ticarətlə bağlı məlumat mübadiləsinin intensivləşdirilməsinə dair təşəbbüslərin irəli sürüləcəyi, eləcə də ticarət institutlarının siyasət formalaşdırma, koordinasiya və müvafiq tədbirlərin həyata keçirilməsi sahəsində potensialının artırılacağı gözlənilir", - bank qeyd edir.

Azərbaycan 1999-cu ildən ADB-nin üzvüdür. Bu müddət ərzində bank ölkəyə təxminən 5,6 milyard ABŞ dolları sərmayə qoyub, bu məbləğin 4,4 milyard dolları dövlət sektoruna, 1,2 milyard dolları özəl sektora yatırılıb. Nəqliyyat (1,5 milyard ABŞ dolları) və enerji sektorları (1,7 milyard ABŞ dolları) ən çox maliyyələşdirilən istiqamətlərdir.

Yeni tərəfdaşlıq strategiyası çərçivəsində ADB Azərbaycana 2,5 milyard ABŞ dollarına qədər investisiya qoymağa hazırdır.

ADB 1966-cı ildə yaradılıb, mənzil-qərargahı Manilada yerləşir. Bank 50-si Asiya-Sakit okean regionu dövlətləri olmaqla 69 səhmdar ölkəni birləşdirir.

Digər xəbərlər