Tokayev Yaponiya şirkətlərini Orta Dəhlizin inkişafında iştirak etməyə çağırıb

Yaponiya Qazaxıstanın Aktau limanında gömrük prosedurlarının təkmilləşdirilməsinə qoşulacaq.

"Report" Akordaya istinadən xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Tokioda keçirilən "Mərkəzi Asiya - Yaponiya" dialoqunun birinci sammitində bildirib.

"Yaponiya hökumətinin Aktau limanında gömrük prosedurlarının təkmilləşdirilməsində iştirak etmək qərarını alqışlayırıq", - o deyib.

K.Tokayevin sözlərinə görə, Mərkəzi Asiyanın tranzit və logistika potensialı Yaponiya üçün əhəmiyyətli imkanlar yaradır. Burada regionun Şərq və Qərb, həmçinin Şimal və Cənub arasında ticarət yollarının mühüm kəsişmə nöqtəsi olması da rol oynayır.

"Asiya və Avropa arasında quru yük daşımalarının 80 %-dən çoxu Qazaxıstan ərazisindən həyata keçirilir. Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun inkişafı xüsusi əhəmiyyət kəsb edir. Yaponiya şirkətlərinin gələcəkdə Orta Dəhliz boyunca dəmir yolu, liman, avtomobil və logistika infrastrukturunun inkişafında iştirakını faydalı hesab edirik", - o qeyd edib.

Bundan başqa, K.Tokayev turizm sahəsində Yaponiya ilə əməkdaşlığın prioritet istiqamətlərini qeyd edib.

Bu kontekstdə vahid Mərkəzi Asiya turizm marşrutunun hazırlanmasına, viza prosedurlarının sadələşdirilməsinə maraq ifadə edilib. Prezidentin sözlərinə görə, bu, Yaponiyadan olan turistlərə bir səyahət çərçivəsində regionun bir neçə ölkəsində olmağa imkan verəcək.

Digər xəbərlər

AYNA-nın şirkəti rebrendinq edib 18 dekabr, 2025 / 17:09