Dubayda keçirilən "TECHNOVATION Dubai" tədbiri müasir dövrün ən aktual mövzularından birini – elm, innovasiya və insan amilinin kəsişmə nöqtəsini gündəmə gətirib.
"Report"un Dubaya ezam olunmuş əməkdaşı xəbər verir ki, tədbirdə diqqət çəkən əsas məqam bu idi: texnologiya nə qədər inkişaf etsə də, onun əsl dəyəri insan həyatına nə dərəcədə uyğunlaşması və cəmiyyətə aydın, dürüst şəkildə çatdırılması ilə ölçülür.
Tüstüsüz gələcəyə doğru böyük dönüş
"Philip Morris International" (PMI) şirkətinin Cənubi Asiya, Hind-Çin, MDB və Yaxın Şərq-Afrika regionu üzrə prezidenti Gijs de Bestin sözlərinə görə, dünya üzrə tüstüsüz məhsullardan istifadə edənlərin sayı artıq 43 milyonu ötüb və bu istifadəçilərin 8 milyonu məhz onun rəhbərlik etdiyi regionun payına düşür. Hazırda 110 ölkədə fəaliyyət göstərən şirkət xalis gəlirlərinin 40 %-indən çoxunu məhz bu alternativ məhsulların satışından əldə edir.
2016-cı ildə "Tüstüsüz gələcək" strategiyasını elan edən şirkət indiyədək bu sahənin inkişafına 16 milyard dollardan çox sərmayə qoyub, kommersiya xərclərinin 77 %-ini isə bu istiqamətə yönəldib. Məqsəd dünyada təxminən 1 milyard siqaret çəkən insanı zərərli vərdişdən imtina etməyə və ya ən azı tüstüsüz alternativlərə keçməyə təşviq etməkdir. Gijs de Best vurğulayır ki, bu yolda verilən qərarlar emosional və ya ideoloji yanaşmalara deyil, yalnız elmi faktlara və sübutlara söykənməlidir.
Texnologiyanın ruhu: Dizayn və yerli mədəniyyət
Bəs ən mükəmməl texnologiya belə insanın gündəlik vərdişlərinə uyğun gəlmirsə, uğur qazana bilərmi? Tədbirin növbəti panelində bu suala cavab axtarılıb. PMI-nin Tüstüsüz Məhsullar kateqoriyasının vitse-prezidenti Kristos Kiritsis (Christos Kiritsis) və "Dubai Design Week"in direktoru Nataşa Karella (Natasha Carella) innovasiyaların uğurunda insan faktorunun həlledici olduğunu bildiriblər.
k. Kiritsis qeyd edir ki, məhsulun elmi cəhətdən əsaslandırılması və funksionallığı kifayət deyil; o, insanın həyat tərzinə, sosial mühitinə və emosional gözləntilərinə də cavab verməlidir. Bəzi ölkələrdə insanlar məlumatı rəqəmsal kanallardan almağı sevirsə, digər yerlərdə canlı ünsiyyətə və fərdi məsləhətə daha çox güvənir.
N.Karella isə məsələyə yaradıcı və mədəni prizmadan yanaşaraq maraqlı bir məqama toxunub: qlobal bir məhsulu yerli bazara uyğunlaşdırmaq onun üzərinə sadəcə həmin ölkənin memarlıq simvollarını və ya milli ornamentlərini həkk etmək demək deyil. Əsl lokallaşdırma yerli icmaları dinləmək, onların hekayələrini anlamaq və bu prosesə layihənin ilk günündən səmimiyyətlə yanaşmaqdır. Çünki müasir istehlakçı zahiri bəzəklərlə dərin mədəni bağı dərhal fərqləndirə bilir.
Çaşqınlıqdan aydınlığa: Elmi sadə dildə anlatmaq
İnnovasiyaların təqdimatı qədər onların doğru anlaşılması da vacibdir. "Çaşqınlıqdan aydınlığa: Yetkin istehlakçılara məlumatlı seçim etməkdə kömək" adlı müzakirədə mütəxəssislər informasiya bolluğu dövründə yaranan dolaşıqlıqdan danışıblar.
PMI-nin elmi əlaqələr departamentinin baş direktoru Tomoko Lida bildirib ki, sənaye tərəfindən maliyyələşdirilən araşdırmalara müəyyən şübhələrin olması təbiidir. Məhz bu səbəbdən şirkət bütün elmi nəşrlərini ictimaiyyətə və müstəqil tədqiqatçıların yoxlanışına açıq saxlayır. Onun sözlərinə görə, elmi baxımdan tam sübut olunmuş əsas həqiqət budur ki, siqaretlə bağlı xəstəliklərin əsas səbəbi nikotin deyil, məhz tütünün yanması nəticəsində yaranan tüstüdür. Bu gün İsveç və Yaponiya təcrübəsi də bunu aydın göstərir: yanmayan alternativlərə keçid sayəsində Yaponiyada son 10 ildə siqaret çəkmə göstəricisi yarıbayarı (20 %-dən 10 %-ə) azalıb, İsveç isə ağciyər xərçənginə yoluxma səviyyəsinin ən aşağı olduğu ölkələrdən birinə çevrilib.
"Sohati" şirkətinin rəhbəri Wassim Kari isə hesab edir ki, sosial şəbəkələrdə və onlayn mühitdə ziddiyyətli fikirlərin, "klikbeyt" xəbərlərin sürətlə yayıldığı bir vaxtda məsələlərə "ağ və ya qara" prizmasından deyil, bütün nüansları ilə yanaşmaq lazımdır. Elmi nəticələr quru rəqəmlər kimi yox, aydın kontekst içində – yəni hansı şəraitdə və kimlər üçün keçərli olduğu izah edilməklə təqdim olunmalıdır ki, etimad körpüsü yaransın.
Asılılığın psixologiyası və nikotinlə tüstünün fərqi
Müzakirənin tibbi və psixoloji tərəfinə toxunan konsultant-psixiatr Dr. Mohammed Eltavil (Mohammed Eltaweel) isə məsələyə həm də sosial mühit prizmasından yanaşıb. Onun sözlərinə görə, bir çox hallarda gənclər ətrafın təzyiqi altında nikotinin insana güc, özünəinam və yetkinlik verdiyini düşünürlər, halbuki bu, tamamilə yanlış təsəvvürdür.
Dr. Eltavil izah edib ki, nikotin də kofein kimi stimulyator və asılılıq yaradan maddədir – hər ikisindən imtina edildikdə narahatlıq, diqqət dağınıqlığı və əhval dəyişikliyi yarana bilər, həddindən artıq qəbulu isə ürək döyüntülərinin artmasına səbəb ola bilər. Lakin əsas təhlükə maddənin özündən çox, onun yanma yolu ilə – tüstü şəklində orqanizmə daxil olmasındadır.
Həkim vurğulayıb ki, ən doğru seçim siqareti və nikotini tamamilə tərgitməkdir. Lakin dünyada 1,2 milyard insanın bu vərdişdən əziyyət çəkdiyini nəzərə alsaq, bunu bacarmayanlar üçün stiqma və qınaq mühiti yaradılmamalıdır. Əksinə, həkimlər pasiyentləri dinləməli, onların deyilənləri necə anladığını yoxlamalı və daha az zərərli alternativlər barədə tibbi məsləhət və psixoloji dəstək göstərməlidirlər.
Gənclərin qorunması və empatiya üzərində qurulan ünsiyyət
Paneldə yetkinlik yaşına çatmayanların bu məhsullara çıxışının qarşısının alınması da xüsusi yer tutub. Tomoko Iida qeyd edib ki, bu məsələdə "sıfır dözümlülük" siyasəti tətbiq olunur – hətta Tokiodakı mağazalarda müştərinin üzünü skan edərək 25 yaşdan aşağı olduğunu təxmin edən və əməkdaşlara dərhal şəxsiyyət vəsiqəsi yoxlamaq üçün siqnal verən süni intellekt sistemlərindən istifadə olunur. Nəticədə Yaponiyada məktəblilər arasında qızdırılan tütündən istifadə 0,2 %-dən aşağı səviyyədə saxlanılıb.
Müzakirənin sonunda iştirakçılar səhiyyə kommunikasiyasında uğurun sirrini üç əsas prinsipdə ümumiləşdiriblər: insanları qınamadan dinləmək, məlumatları klikbeytdən uzaq və elmə sadiq şəkildə çatdırmaq, həmçinin empatiya göstərmək. T.Iidanın da vurğuladığı kimi, bəzən qarşı tərəfin demədiyi sözləri anlamaq və səmimi ünsiyyət qurmaq ən güclü texnologiyadan belə daha təsirlidir.
Göründüyü kimi, "TECHNOVATION Dubai" tədbirində səslənən bütün fikirlər bir ortaq məxrəcdə birləşir: gələcəyin innovasiyaları o zaman uğurlu olur ki, elm şəffaf danışır, dizayn insanı anlayır və ünsiyyət səmimiyyət üzərində qurulur.