Ölkə ictimaiyyətinin Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyası (WUF13) haqqında məlumatlandırılması məqsədi ilə aprelin 30-da Quba şəhərində WUF13 Festivalına start verilib.
"Report"un Şimal bürosunun məlumatına görə, günün birinci yarısında Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialında WUF13 ilə bağlı məlumatlandırma sessiyası təşkil edilib.
Sessiyada universitetin müəllim və tələbə heyəti, Quba şəhərində yerləşən müxtəlif məktəblərin və liseylərin şagirdləri, eləcə də ADPU-nun dəvəti ilə Özbəkistandan gələn qonaqlar iştirak ediblər.
Tədbirdə Quba Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Anar Məmmədov və WUF13 Azərbaycan əməliyyat şirkətinin kommunikasiya meneceri Emin Hüseynzadə çıxış edərək WUF13 barədə ətraflı məlumat veriblər. Çıxışlarda WUF13-ün ölkəmiz üçün əhəmiyyəti və onun çərçivəsində müzakirə olunacaq əsas mövzular diqqətə çatdırılıb.
E.Hüseynzadə vurğulayıb ki, 17–22 may 2026-cı il tarixlərində Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyası hər kəs üçün açıqdır. O, iştirakçıları WUF13-də qeydiyyatdan keçməyə və fəal iştirak etməyə dəvət edib.
Qeyd edək ki, WUF13 Festivalı iki hissədən ibarətdir. Axşam saat 18:00-da festival açıq havada keçiriləcək ictimai proqramlarla davam edəcək.
Axşam proqramları çərçivəsində interaktiv fəaliyyətlər, maarifləndirici oyunlar, təqdimatlar və ictimai müzakirələr vasitəsilə dayanıqlı şəhər inkişafı, inklüziv şəhər mühiti, innovativ şəhər həlləri və gələcəyin şəhərləri kimi mövzular geniş auditoriyaya çatdırılacaq. Eyni zamanda, WUF13-ün əsas mövzusu və ideyaları barədə ətraflı məlumat təqdim olunacaq.