2030-cu ilə qədər dayanıqlı aviasiya yanacağının (SAF) 10 %-nin istifadəsinə nail olmaq bir çox aviaşirkətlər üçün artıq qeyri-realdır.
"Report"un Cenevrəyə ezam olunmuş müxbirinin məlumatına görə, bu barədə Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) baş direktoru Uilli Uolş IATA Global Media Day-də bildirib.
Onun sözlərinə görə, dünya bazarı SAF istehsalının artırılmasında gözlənilən addımı atmayıb.
"SAF-a tələbat çox yüksəkdir, lakin onun istehsal həcmlərinin artımı gözləntiləri doğrultmur. Hesab edirəm ki, xüsusilə Avropada tənzimləyici mühit mənfi rol oynayıb. Aİ-nin tətbiq etdiyi mandat SAF istehsalına təkan verməyib, əvəzində qiymətlərin kəskin artımına səbəb olub. Fikrimcə, yanacaq tədarükçüləri vəziyyətdən sui-istifadə edərək, "uyğunluq ödənişləri" vasitəsilə qazanc əldə edirlər. Bu ödənişlər öhdəliklərini yerinə yetirməyə çalışan aviaşirkətlər üçün SAF-ın dəyərini süni şəkildə artırır", - o qeyd edib.
U.Uolş mövcud vəziyyətin ciddi məyusluq yaratdığını vurğulayıb.
"Bir çox aviaşirkətlər 2030-cu ilə qədər SAF-ın 10 % istifadəsinə nail olmağı öhdəsinə götürmüşdü. Hesab edirəm ki, indi bu mümkün deyil. Sənaye hətta Aİ-nin nəzərdə tutduğu 6 % hədəfə çatmaqda belə çətinlik çəkəcək. ICAO-nun aralıq hədəfi olan 5 % də suallar doğurur. Lakin əminəm ki, 2030-cu ilə qədər 10 % SAF göstəricisinə nail olmaq şirkətlərin bir çoxu üçün qeyri-mümkündür və bu, onların günahı deyil", - IATA rəhbəri bildirib.
O əlavə edib ki, aviaşirkətlər hazırda mövcud olduğundan daha çox yanacağa çıxış əldə etməyə ümid edib.
"Problem qiymətdə deyil, əlçatanlıqdadır. Aviaşirkətlər sadəcə lazımi həcmdə SAF ala bilmir. Buna görə də bir çoxları 2030-cu il üçün SAF ilə bağlı öhdəliklərini yenidən nəzərdən keçirməli olacaq. Düşünürəm ki, getdikcə daha çox şirkət "Air New Zealand"ın nümunəsinə əməl edəcək – bu aviadaşıyıcı SAF çatışmazlığı və yeni təyyarələrin tədarükündə gecikmələr səbəbindən öz hədəflərini dayandırıb. 2026-cı ildə bir çox aviaşirkətin, xüsusilə qeyri-maliyyə göstəriciləri ilə bağlı hesabat verməli olan aviaşirkətlərin də bu addımı atacağını gözləyirəm", - U.Uolş bəyan edib.
IATA-nın rəhbəri Aİ tənzimləyicilərinin yanacaq təchizatçılarının "uyğunluq ödənişləri" bəhanəsi ilə qiymətləri artırmasını, bununla belə, SAF istehsalını artırmamasını kənardan izləməsinə təəccübləndiyini bildirib.
"Biz kimin günahkar olduğunu aydın şəkildə qeyd etməliyik. Onlar bu cür davranışa yol açan mandatı qəbul edən tənzimləyicilər və sadəcə özlərində ixtiyar gördükləri üçün qiymətləri şişirdən yanacaq tədarükçüləridir", - o vurğulayıb.