Xüsusi Rabitə Sistemləri Laboratoriyası istifadəyə verilib

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) təşəbbüsü və dəstəyi ilə Azərbaycan Texniki Universitetində (AzTU) Xüsusi Rabitə Sistemləri Laboratoriyası istifadəyə verilib.

Bu barədə "Report"a XRİTDX-dən məlumat verilib.

Bildirilib ki, laboratoriyanın yaradılmasında əsas məqsəd xüsusi rabitə sistemləri üzrə təhsil alan tələbələrin nəzəri biliklərinin praktiki bacarıqlara çevrilməsi, müasir texnologiyalarla işləmək imkanlarının genişləndirilməsi və bu sahədə yüksək ixtisaslı kadr hazırlığının dəstəklənməsidir.

Məlumata görə, laboratoriyada tələbələr xüsusi rabitə sistemlərinin quruluşu, fəaliyyət prinsipləri və təhlükəsiz istismarı ilə bağlı praktiki biliklər əldə edəcək, müvafiq texnologiyalarla işləmək bacarıqlarını inkişaf etdirəcəklər.

XRİTDX ilə AzTU arasında əməkdaşlıq 2022-ci ildən davam edir. Tərəflər arasında imzalanmış əməkdaşlıq memorandumu çərçivəsində tələbələrin informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik üzrə bilik və bacarıqlarının artırılması, praktiki təlimlərin və maarifləndirici tədbirlərin təşkili, həmçinin fərqlənən tələbələrin dəstəklənməsi istiqamətində bir sıra layihələr həyata keçirilib.

Xüsusi Rabitə Sistemləri Laboratoriyasının istifadəyə verilməsi bu əməkdaşlığın yeni mərhələsi olmaqla, xüsusi rabitə və informasiya təhlükəsizliyi sahəsində milli kadr potensialının gücləndirilməsinə xidmət edir.

Digər xəbərlər