AMB: Kibertəhlükəsizlik insidentlərindən sonra sistemlər təkrar auditdən keçirilməlidir

Kibertəhlükəsizlik insidentlərindən sonra sistemlər təkrar auditdən keçirilməli, informasiya təhlükəsizliyi tədbirlərinin effektivliyi isə mütəmadi qiymətləndirilməlidir.

"Report" xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) İnformasiya və kibertəhlükəsizlik departamentinin direktor müavini Abid Ələsgərzadə "Azərbaycan Mikromaliyyə Assosiasiyası" (AMFA) İctimai Birliyinin təşkil etdiyi, Bakıda keçirilən 12-ci Mikromaliyyədə İnvestisiya və Dayanıqlı İnkişaf Konfransında bildirib.

Onun sözlərinə görə, auditdən keçmək özlüyündə kibertəhlükələrdən qorunmaq üçün kifayət etmir. Çünki audit təşkilatın informasiya təhlükəsizliyi vəziyyətini konkret zaman kəsiyində qiymətləndirir, lakin sistemlərin dayanıqlılığı və təhlükəsizlik tədbirlərinin effektivliyi davamlı şəkildə yoxlanılmalıdır.

"Audit müəyyən dövrü, yəni konkret zaman kəsiyini əhatə edir və təşkilatın həmin vaxt mövcud olan vəziyyətini göstərir. Lakin informasiya təhlükəsizliyi üzrə yetkinlik və dayanıqlılıq mütəmadi olaraq qiymətləndirilməlidir. Audit bu prosesi tamamlayan yekun mərhələ deyil", - A. Ələsgərzadə qeyd edib.

O bildirib ki, Mərkəzi Bankın informasiya təhlükəsizliyi ilə bağlı normativ tələblərinə əsasən, birinci kateqoriyaya aid subyektlər ildə bir dəfə, ikinci və üçüncü kateqoriyaya aid subyektlər, o cümlədən bank olmayan kredit təşkilatları isə ən azı iki ildə bir dəfə beynəlxalq akkreditasiyaya malik auditor tərəfindən informasiya təhlükəsizliyi idarəetmə sisteminin (ISMS) auditi və qiymətləndirilməsindən keçməlidirlər.

A. Ələsgərzadə vurğulayıb ki, audit zamanı beynəlxalq akkreditasiya sertifikatına malik auditorun cəlb edilməsi belə təşkilatın gələcəkdə kibertəhlükələrlə üzləşməyəcəyinə zəmanət vermir. Buna görə də sənədləşmə ilə yanaşı, təhlükəsizlik tədbirlərinin praktikada necə tətbiq olunduğu və mümkün insidentlərə hazırlıq səviyyəsi də mühüm əhəmiyyət daşıyır.

Departamentin rəis müavini bunu ehtiyat nüsxələrin saxlanılması nümunəsində izah edib. Onun sözlərinə görə, təşkilat auditdən uğurla keçsə, ehtiyat nüsxələrlə bağlı sənədləşməni və informasiya təhlükəsizliyi siyasətlərini qaydasında saxlasa belə, bu, hücum zamanı sistemlərin mütləq bərpa ediləcəyini təmin etmir.

"Fərz edək ki, təşkilat "ransomware" hücumuna məruz qalır və faylları şifrələnir. AMB-nin tələblərinə əsasən, ehtiyat nüsxələr ayrı bir mühitdə saxlanılmalıdır. Lakin təşkilat bu tələbi yerinə yetirməyib və ehtiyat nüsxələrin şifrələnmədən qorunmasını təmin etməyib. Nəticədə ciddi insident baş verir və təşkilatın fəaliyyətində böyük problemlər yaranır", - o bildirib.

A. Ələsgərzadə qeyd edib ki, əksinə, ehtiyat nüsxələrin təhlükəsiz saxlanılmasını təmin edən və onların bərpasını mütəmadi sınaqdan keçirən təşkilat belə hücumların nəticələrini daha az itki ilə aradan qaldıra bilər. Mərkəzi Bankın tələblərində ehtiyat nüsxələrdən bərpanın ildə iki dəfə sınaqdan keçirilməsi də nəzərdə tutulur.

Onun sözlərinə görə, bu tələblərə əməl edildiyi halda, kibertəhlükə nəticəsində sistemlərdə müvəqqəti fasilə yaransa belə, ehtiyat nüsxələrdən istifadə etməklə sistemləri bərpa etmək və fəaliyyəti davam etdirmək mümkün olar.

A.Ələsgərzadə əlavə edib ki, kibertəhlükəsizlik insidenti baş verdikdə təşkilatların öhdəlikləri yalnız hadisə barədə hesabat verməklə məhdudlaşmır. Belə hallarda mövcud təhlükəsizlik siyasətləri yenidən nəzərdən keçirilməli, insidentin təsirinə məruz qalan sistemlərin hansı hissələrinin daxili və ya xarici auditdən təkrar keçirilməsinə ehtiyac olduğu müəyyənləşdirilməlidir.

O vurğulayıb ki, insidentdən sonrakı tədbirlərdə rəhbərliyin iştirakı da vacibdir. Mövcud tələblərə əsasən, Müşahidə Şurası səviyyəsində rəhbərliyin prosesə cəlb olunması təmin edilməli, informasiya təhlükəsizliyinə məsul şəxsin isə Müşahidə Şurasına birbaşa hesabatlılığı olmalıdır.

"Bu, rəhbərliyin birbaşa maraq dairəsində olmalı olan sahədir", - departament rəsmisi bildirib.

Digər xəbərlər