Rusiya Azərbaycanın "Elektron imza"sını tanıya bilər

Hazırda Azərbaycan hökuməti "Elektron imza"nın Türkiyə və Rusiyada tanıdılması üçün danışıqlar aparılır.

Bu barədə "Report"un sorğusuna cavab olaraq Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən bildirlib.

"Razılaşmalar əldə olunan bəzi ölkələrlə qarşılıqlı sınaq testləri həyata keçirilir. Qeyd edək ki, ilin sonunadək Etibarlı Üçüncü Tərəf (EÜT) xidmətinin veb-portalı da istifadəyə veriləcək", - Nazirlikdən bildirilib.

Açıqlamaya əsasən, artıq bir neçə ildir Azərbaycan hökuməti "Elektron imza"nın digər ölkələr tərəfindən tanıdılması üçün addımlar atır. Bu işlərin nəticəsidir ki, rəsmi Belarus Azərbaycanın "Elektron imza"sını tanıdığını açıqlayıb.

"Hazırda "Elektron imza"nın tanıdılması prioritet istiqamətlərdəndir. Ölkəmizin rəqəmsal transformasiyasının təşviqi, beynəlxalq iqtisadi əlaqələrin əlçatanlığının artırılması üçün "Elektron imza"ların sərhədlərarası tanınması prioritet istiqamətlərdən biridir. Bu prosesin genişləndirilməsi və daha əlçatan olması üçün Etibarlı Üçüncü Tərəf (EÜT) xidməti hazırlanır. Belarus Respublikasının EÜT-i ilə Azərbaycan EÜT-nin qarşılıqlı inteqrasiyası texniki baxımdan icra edilib. Hətta pilot layihə çərçivəsində Belarus Respublikası ilə Azərbaycan arasında MDB-də ilk dəfə olaraq elektron imzalar qarşılıqlı tanınıb", - Nazirliyin açıqlamasında deyilir.

Qeyd edək ki, "Elektron imza" Azərbaycan Respublikasının qanunlarına əsasən, əl imzası ilə eyni hüquqi qüvvəyə malikdir.

20-ci əsrin 70-80-cı illərdə meydana gələn "Elektron imza" ideyasının və əsas mahiyyəti informasiyanı hazırlayan şəxsin həqiqiliyinin yoxlanılması və 3-cü tərəfə (məhkəmə, internet market və s.) bu informasiyanı yaradan şəxsi müəyyən etməsinə imkan yaratmaqdır.

“Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edildikdən sonra “Elektron imza”nın reallaşdırılması mərkəzi icra orqanı kimi keçmiş Nəqliyyat, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə indiki Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə tapşırılıb.

Bu Fərmandan irəli gələrək hazırda fəaliyyət göstərən Sertifikat Xidmətləri Mərkəzinin (SXM) əsas vəzifəsi Ali SXM kimi digər SXM-lərə nəzarət funksiyasını həyata keçirmək, onların Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun fəaliyyət göstərdiyini, düzgün proqram təminatından istifadə etməsini və s. yoxlamaqdan ibarətdir.

2011-ci ilin sentyabr ayından rəsmi olaraq fəliyyətə başlayan Mərkəz əhalinin müxtəlif təbəqələrinə, yəni adi vətəndaşlara, sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərə, həmçinin dövlət qulluqçularına xidmət göstərir. "Elektron imza" xidmətlərini operativ şəkildə təmin etmək məqsədilə Bakı şəhərinin əsas mərkəzi poçt şöbələri və filiallarında, ölkənin regionlarındakı poçt şöbələrində, həmçinin “Şəbəkə” xidmət mərkəzlərində Qeydiyyat Mərkəzləri təşkil olunub.

Digər xəbərlər