Hindistanın aparıcı telekommunikasiya xidməti təminatçısı "Vodafone Idea Limited" (Vi) şirkəti Azərbaycan və 12 Afrika ölkəsi üçün yeni beynəlxalq rouminq paketlərini elan edib.
“Report” Hindistan mətbuatına istinadən xəbər verir ki, Azərbaycana və 12 Afrika ölkəsinə səyahət edən Vi fakturalı xətt istifadəçiləri 749 rupidən (15,26 manat) başlayan beynəlxalq rouminq paketləri əldə edə bilərlər.
Vi fakturalı xətt istifadəçiləri səyahət edərkən əlaqə saxlamaq üçün müxtəlif seçimlərə (24 saatlıq, 10 günlük, 14 günlük və 30 günlük) sahib olacaqlar. Vi, həmçinin paketin müddəti bitdikdən sonra istifadəçiləri Beynəlxalq Rouminq Ödənişlərindən qoruyan "Hər zaman aktiv” funksiyasına sahibdir.
“Son bir neçə ildə Hindistandan Azərbaycana gələn turistlərin sayında ciddi artım müşahidə olunub. Son araşdırmalar göstərir ki, 2023-cü ildə Azərbaycana səfər edən hindistanlı turistlərin sayı təxminən 2 dəfə artaraq 120 min nəfərə çatıb. Bu da əvvəlki illə müqayisədə 100 % artım deməkdir”, - Vi açıqlamasında bildirib.