“Ağıllı dayanacaqlar”ın ilk partiyasının bir neçə aydan sonra xaricə çatdırılmasının həyata keçirilməsi planlaşdırılır”.
Bunu “Report”a “İdrak LTD” şirkətinin nümayəndəsi Fərrux Mirzəyev deyib.
O qeyd edib ki, ümumilikdə şirkət təchizata hazırdır, təchizat işləri bu ilin üçüncü rübünə planlaşdırılıb.
Onun sözlərinə görə, müxtəlif ölkələrdən, o cümlədən Türkiyədən (100 ədəd), hətta Afrika ölkələrindən və Almaniyadan onların alınmasına tələbat çox yüksəkdir.
Eyni zamanda, hazırda onların daxili bazara çıxarılması hələ də həyata keçirilməyib.
“Ağıllı dayanacaq” ictimai nəqliyyatda maksimum rahatlıq və təhlükəsizlik yaratmaq üçün nəzərdə tutulub, əhalinin ictimai nəqliyyatdan daha geniş istifadəsini və şəxsi nəqliyyatla gediş-gəlişin azaldılmasını təşviq edir, dayanacaqda sərnişinlərə bir sıra keyfiyyətli xidmətlər göstərir.
Məlumat lövhəsi vasitəsilə istifadəçilər müxtəlif məlumatlardan yararlana və lazım gəldikdə bu məlumatları blutuz vasitəsilə smartfonlarına yükləyə bilərlər. Belə ki, məlumat lövhəsi vasitəsilə marşrut üzrə nəqliyyat vasitəsinin xəritəsində cari yeri təyin etmək, avtobusların ümumi marşrutunu və xəritədə göstərilən bütün dayanacaqları (onun keçməli olduğu xətt üzrə), real vaxt rejimində nəqliyyat vasitələrinin gəlmə vaxtını, bu dayanacaqlardan keçən ictimai nəqliyyat vasitələrinin növləri və nömrələrini, marşrutlarda və tariflərdə dəyişikliyi öyrənmək, şəhər sakinləri və qonaqları üçün təyinat yerinə gedən optimal marşrutun xəritədə müəyyən edilməsini təmin etmək və s. mümkündür.