Azər Əmiraslanov: "Startaplar innovativ iqtisadiyyata keçid bir vasitədir"

Startaplar innovativ iqtisadiyyata keçid bir vasitədir.

"Report" xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "Enterprise Azerbaijan" portalının keçirdiyi "Startup School 4: Five Continents – 500 Startups" qlobal innovasiya proqramının yekun tədbiri – "Demo Day"də bildirib.

Onun sözlərinə görə, bu, daha güclü, daha rəqabətqabiliyyətli və daha səmərəli iqtisadiyyat qurmağın vasitəsidir: "Biz bu gün görürük ki, dünya ölkələri arasında çox ciddi rəqabət prosesi başlayıbdır və bu rəqabətdə geri qalmamaq üçün zaman itirmədən məhz innovativ iqtisadiyyat quruculuğuna başlamalıyıq və bu prosesi uğurla davam etdirməliyik. Əgər dünya iqtisadiyyatına nəzər yetirmiş olsaq, son dövrlər bu statistikanı davamlı olaraq səsləndiririk və bu, bugünkü reallığı çox aydın bir şəkildə göstərir. Dünyada rəqəmsal iqtisadiyyatda artım 10-11 % təşkil edir, ənənəvi iqtisadiyyatda isə bu göstərici 3%-dən yuxarı deyil. Hansı ölkələr ki daha çox rəqəmsal innovativ iqtisadiyyata üstünlük verir, orada iqtisadi artım da yüksəkdir və onun hesabına iqtisadi artımın dinamikasını yüksəldə bilirlər. Biz də bunu nəzərə alaraq, qısa bir zamanda çox sürətlə və intensivliklə dövlət səviyyəsində, hökumət səviyyəsində bu təşəbbüsləri reallaşdırırıq".

Deputat əlavə edib ki, dünyada investisiyaların çox böyük bir hissəsi innovativ iqtisadiyyata yönəlməkdədir: "İxracın çox böyük bir payı innovativ məhsulların ixracı ilə bağlıdır. Bu prosesdə geri qalmamaq üçün biz bu gün bu təşəbbüsləri reallaşdırırıq. Burada hərəkətverici qüvvə bizim gənclərimizdir, gənc ideya müəllifləridir. Biz onu da nəzərə almalıyıq ki, dövlətimizin əsas prinsiplərindən və hədəflərindən biri həm də "qara qızılın" insan kapitalına çevrilməsidir. Bu istiqamətdə dövlət çox mühüm işlər görüb. Xaricdə təhsil proqramının reallaşması bu gün təkcə yeni iqtisadiyyatın quruculuğuna deyil, həm də innovativ təfəkkürün formalaşmasına xidmət edir".

Digər xəbərlər