"Apple" öz məhsullarının qiymətlərini artırmağı planlaşdırır

"Apple"ın icraçı direktoru Tim Kuk şirkət məhsullarının qiymətlərinin artırılması planlarını açıqlayıb.

"Report" xəbər verir ki, bu barədə o, "The Wall Street Journal" (WSJ) qəzetinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, bu addım yaddaş mikrosxemlərinin və qurğularının dəyərinin kəskin artması ilə əlaqədardır.

"Təəssüf ki, qiymət artımı qaçılmazdır. Biz onu yumşaltmaq və müştərilərimizi qorumaq üçün əlimizdən gələni edirik, lakin vəziyyət dayanıqsız hala gəlib", - Kuk qeyd edib.

O bahalaşa biləcək cihazların siyahısını və tarixlərini dəqiqləşdirməyib. Nəşrin məlumatına görə, "Apple" məhsullarının növbəti böyük təqdimatının şirkətin "iPhone 18" seriyasını nümayiş etdirə biləcəyi sentyabr ayında olması gözlənilir.

WSJ qeyd edib ki, yaddaş mikrosxemləri smartfon və noutbuklardan tutmuş, avtomobil və tibbi avadanlıqlara qədər əksər müasir cihazlarda istifadə olunur.

Kuk həmçinin bildirib ki, "Apple" yaddaş mikrosxemlərinin tədarükünü artırmaq üçün öz pul ehtiyatlarından istifadə etməyə hazırdır.

Digər xəbərlər