Azərbaycan və Gürcüstan arasında hərbi təlimlərin keçirilməsi müzakirə edilib

Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Azərbaycanda rəsmi səfərdə olan Gürcüstanın Müdafiə Qüvvələri komandanı general-leytenant Giorgi Matiaşvili və onun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bu barədə "Report"a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Baş Qərargahda təşkil edilən rəsmi qarşılanma mərasimində Azərbaycan Ordusunun Baş Qərargah rəisi və Gürcüstanın Müdafiə Qüvvələri komandanı fəxri qarovul dəstəsinin önündən keçdikdən sonra hər iki ölkənin Dövlət himnləri səsləndirilib. Protokola uyğun olaraq general-leytenant G.Matiaşvili "Şərəf kitabı"nı imzalayıb.

General-polkovnik K.Vəliyev gürcüstanlı həmkarı ilə əvvəlcə təkbətək, sonra isə geniş tərkibdə nümayəndə heyəti ilə görüşüb.

Qonaqları salamlayan Baş Qərargah rəisi dövlət başçılarının dostluq münasibətlərinin və ölkələr arasında strateji tərəfdaşlığın olmasının müdafiə sahəsində əməkdaşlıqa böyük töhfə verdiyini diqqətə çatdırıb.

Səmimi qəbula və qonaqpərvərliyə görə minnətdarlığını ifadə edən general-leytenant G.Matiaşvili növbəti dəfə Azərbaycana səfər etməsindən məmnun olduğunu bildirib, bu cür görüşlərin Azərbaycan ilə Gürcüstan arasında hərbi əlaqələrin daha da inkişaf etdirilməsində müstəsna rol oynadığını xüsusi vurğulayıb.

Tərəflər ölkələr arasında hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində əməkdaşlığın daha da genişləndirilməsi, ikitərəfli və çoxtərəfli formatda hərbi təlim və məşqlərin keçirilməsi, ekspertlər səviyyəsində qarşılıqlı səfərlərin təşkili məsələlərini, həmçinin regionda və dünyada baş verən hərbi-siyasi prosesləri müzakirə edib, maraq doğuran bir sıra digər mövzulara dair geniş fikir mübadiləsi aparıblar.

Görüşdə həmçinin Vətən müharibəsi və sonrakı hərbi əməliyyatlar, o cümlədən lokal xarakterli antiterror tədbirləri zamanı Azərbaycan Ordusunun əldə etdiyi döyüş təcrübəsi, habelə Ali Baş Komandanın rəhbərliyi ilə həyata keçirilən hərbi islahatlar barədə qonaqlara geniş brifinq təqdim edilib, onları maraqlandıran suallar cavablandırılıb.

Digər xəbərlər