Elçin Quliyev Zəfər Günü ilə bağlı DSX-nin şəxsi heyətini təbrik edib

8 Noyabr Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixinin ən möhtəşəm səhifələrindən biri, milli iradəmizin, yenilməz ruhumuzun və sarsılmaz birliyimizin təntənəsidir.

"Report" xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi general-polkovnik Elçin Quliyevin 8 Noyabr – Zəfər Günü münasibətilə şəxsi heyətə təbrikində deyilir.

"Bu tarixi gün xalqımızın ədalətə inamının, Vətən sevgisinin və müqəddəs torpaqlarımız uğrunda mübarizə əzminin əbədi rəmzinə çevrilib", - DSX rəisi bildirib.

Təbrikdə qeyd olunub ki, Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik strategiyasını qətiyyətlə davam etdirən Prezident İlham Əliyevin uzaqgörən siyasəti, sarsılmaz iradəsi və müdrik sərkərdəliyi sayəsində 2020-ci ildə 44 gün davam edən Vətən müharibəsi xalqın möhtəşəm Qələbəsi ilə başa çatıb:

"Bu şanlı Qələbənin qazanılmasında Dövlət Sərhəd Xidmətinin şəxsi heyəti də öz döyüş məharəti, yüksək peşəkarlığı, mərdliyi və fədakarlığı ilə fərqlənmiş, Vətən qarşısında müqəddəs borcunu şərəflə yerinə yetirib.

İşğaldan azad edilmiş torpaqlarımızda dövlət sərhədlərinin bərpa olunması, sərhəd mühafizəsi və müdafiəsi sisteminin yenidən qurulması Dövlət Sərhəd Xidmətinin tarixi missiyasının ən mühüm mərhələlərindən biri olub. Bu gün həmin torpaqlarda üçrəngli Dövlət Bayrağımızın əzəmətlə dalğalanması hər bir Azərbaycan sərhədçisi üçün sonsuz qürur və şərəf mənbəyidir".

Digər xəbərlər