Vətən müharibəsi deyəndə göz önünə torpaq uğrunda irəliləyən əsgərlər, səngərlərdə açılan atəşlər gəlir. Amma torpaq və haqq uğrunda mübarizə aparanlar təkcə Yeri yox, göyü də özlərnə döyüş meydanı seçirlər. 44 günlük Vətən müharibəsində qəhrəmanlarımızın idarə etdikləri aviasiya vasitələri Azərbaycan səmasının üzərindən sadəcə uçmur, Zəfərə gedən yolun görünməyən cığırlarını açırdılar.
Hər uçuşda ölümə meydan oxuyan bir iradə vardı. Həmin iradəyə sahib olan pilotların mübarizəsi bəlkə də Yerdən görünmürdü, amma onların buraxdığı izlər Zəfər tariximizdə aydın görünür.
"Report" göylərdə yazılan zəfər salnaməsinin iştirakçılarından biri – Dövlət Sərhəd Xidmətinin (DSX) pilotu kapitan Mübariz Yarməmmədovla müsahibəni təqdim edir.
- İlk olaraq hərbi aviasiya sahəsinə gəlişinizdən danışaq. Hərbi pilot olmağa marağınız necə yaranıb? Bu, uşaqlıqdan gələn bir istək idi?
- Ümumiyyətlə, hərbiyə həvəsim əvvəldən var idi. Uşaqlıq illərindən bu istək içimdə böyüyürdü. Cəmşid Naxçıvanski adına Hərbi Liseyə qəbul olmaq istəyirdim. Qismət 2011-ci ilə imiş. Həmin il Dövlət Sərhəd Xidməti Akademiyasının Uçuş Mühəndisliyi fakültəsinə qəbul olundum və dörd il orada şərəfli təhsil aldım. Hərbiyə olan sonsuz həvəsim məni, nəhayət, zabit kimi bu müqəddəs yola gətirib çıxardı.
Ailəmdə, qohumlarım arasında hərbçilər olub. Amma ən çox atamdan ruhlanmışam - atam Birinci Qarabağ müharibəsində döyüşüb, müharibə veteranıdır.
- Hərbiyə olan həvəsiniz sizi Vətən müharibəsi iştirakçısı olmağa gətirib çıxardı. Döyüş tapşırığı aldıqda ilk addımınız nə oldu?
- Vətən müharibəsi elan edildiyi gün cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin əmri, Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin tapşırığı ilə dərhal hər birimiz ekipaj olaraq bizə təhkim olunmuş "Antonov-2" ("An-2") təyyarələrinə mindik. Yerlərimizi aldıqdan sonra qalxışı yerinə yetirdik.
- Bu təyyarələrin xüsusiyyəti nədir və hansı döyüş tapşırıqlarını yerinə yetirirdi?
- Bu təyyarələr Rusiya istehsalıdır. Həmin təyyarələrə avtopilot quraşdırılmışdı. Təyin olunmuş nöqtəyə çatdıqdan sonra biz avtopilotu işə salır, özümüz isə paraşütlə təyyarəni tərk edirdik. Beləliklə, təyyarə avropilot vasitəsilə öncədən verilmiş koordinant üzrə hədəfə doğru irəliləyirdi. Əgər onu havada vurmasaydılar, təyyarə daşıdığı bombalarla birlikdə hədəfə istiqamətlənib onu məhv edirdi. Bu proses tam məxfi saxlanılırdı. Düşmən bizim təyyarələri adi hədəf kimi görüb onlara atəş açırdı. Halbuki bu, onların öz mövqelərinin aşkar olunmasına gətirib çıxarırdı. Onlar atəş açdıqca yerləri bəlli olur, həmin hədəflər dərhal məhv edilirdi.
Bu da müharibədənin gedişində böyük dönüş yaradırdı. İlk gündən 20 An-2 təyyarəmiz havaya qalxdı və düşmənin hava hücumundan müdafiə vasitələrinin 60 faizinin yerini aşkar etdik. Ordumuzun, artilleriyanın, aviasiyanın köməyi ilə onları məhv etdik. Bununla da Qarabağ səması tamamilə bizim nəzarətimizə keçdi. Qələbəni qazanmağımız üçün ən üstün cəhətlərimizdən biri də məhz bu oldu. Bundan sonra digər aviasiya vasitələrimiz Qarabağ səmasında tapşırıqlarını daha rahatlıqla yerinə yetirə bildilər.
– Belə çıxır ki, pilotlar təyyarəni avtopilot rejiminə qoyaraq onu ekipajsız şəkildə hədəfə doğru göndərir, özləri isə paraşütlə yerə enirdilər. Bu proses necə baş verirdi?
– Paraşütləri növbə ilə geyinirdik. Əvvəlcə mən öz paraşütümü geyinirdim, sonra ekipaj komandirinə kömək edirdim. Təyyarəni avtopilot rejimə qoyduqdan sonra müəyyən olunmuş nöqtədə tullanma qərarı verirdik. Qapı açılırdı və həmin an əvvəlcə mən atlanırdım, sonra ekipaj komandiri tullanışı yerinə yetirirdi.
Əsas məqsədimiz düşmənin hava hücumundan müdafiə vasitələrinin yerini aşkar etmək idi. Çünki düşmənin hava hücumundan müdafiə vasitələrini məhv etmək qələbənin, demək olar ki, 70-80 faizini qazanmaq deməkdir.
- Təsəvvür edək ki, müharibə şəraitində siz "An-2" təyyarəsindəsiniz, təyyarəni avtopilota qoymusunuz və paraşütlə ilk dəfə tullanmalısınız. Həmin an necə qərar verirdiniz, nə hiss edirdiniz?
- Bu, insan həyatında bəlkə də cəmi bir dəfə yaşaya biləcəyi andır. İnsana sonsuz qürur verir. O anda təyyarənin içində qalmağı qətiyyən düşünmürdün, sadəcə təyyarəni tərk etməyi, tapşırığı icra etməyi düşünürdün. Təyyarəni tərk etdikdən sonra onun arxanca necə süzdüyünü, düşmən istiqamətinə doğru şığıdığını görürdün. Bu, daha da qürurverici mənzərə idi.
Müharibənin ilk günü də daxil olmaqla ümumilikdə 3 döyüş uçuşu yerinə yetirdim. Hər tullanış bir həyəcan idi. Çünki təlimlər zamanı paraşütlə tullananda təlimatçı ilə birlikdə olurduq. Amma bu dəfə təlimatçı özümüz idik. Bunun da özünəməxsus həyəcanı var idi. Qapı açıldıqdan sonra eniş məkanının seçilməsi, iki nəfər olmağımız, digər yoldaşının səndən əvvəl atlanıb təyyarədə tək qalmağın, üstəlik, təyyarədəki döyüş sursatlarını görmək insanda böyük həyəcan yaradırdı. Təbii ki, bu, təlimdə yaşadıqlarımızdan çox fərqlənirdi.
Təhlükəni hər an hiss edirdik, amma həmin anlar bir o qədər də şərəfli idi. Çünki 30 il işğalda olan müqəddəs torpaqlarımızı azad etmək uğrunda havaya qalxmışdıq. Həyatımızda ilk dəfə belə tarixi hadisə baş verirdi. Bu, təsvirəgəlməz, qürurverici bir hiss idi.
Yadımdadır, ilk tullanışdan dərhal sonra atamın müharibə dövründə Cəbrayıl istiqamətində döyüşdüyünü xatırladım. Mənim təyyarəm də Cəbrayıl istiqamətinə getdiyinə görə ona zəng edib dedim: "Ata, qisasınız alındı!"
- Paraşütlə təyyarədən yerə enməyiniz nə qədər vaxt aparırdı?
- Təyyarədən Yerə enmək cəmi iki dəqiqə ərzində baş verirdi. İlk 200 metr məsafədə paraşüt açılmırdı. 200 metrdən sonra paraşüt açıldıqda isə yer seçib eniş etmək üçün cəmi bir dəqiqə, dəqiqə yarım vaxt qalırdı. Bu da insandan böyük dəqiqlik tələb edirdi.
Yerdə də adi vaxtdakı kimi düzənliklər yox idi. Qarabağın relyefini bilirsiniz, çox dərəli-təpəli yerlər idi. Ona görə daha çox dəqiqlik lazım idi. Yer seçdikdən sonra eniş edir, paraşütümüzü yığır və toplama məntəqəsinə yollanırdıq. Hər birimizdə rabitə vasitəsi var idi, əlaqəyə çıxıb bir yerə toplaşırdıq.
Bu məqamda xalqımıza da çox minnətdaram. Hər addımda bizə böyük köməklik göstərirdilər.
- Həmin iki dəqiqəni necə təsəvvür edirsiniz? Ağlınızdan bir şey keçirdimi? Və yəqin ki, həyatınızın ən uzun iki dəqiqəsi olar...
- İnsan müharibədə vaxtın nə qədər dəyərli olduğunu, gözəl anların qədrini, xırda problemlərin necə lüzumsuz olduğunu orada dərk edir. Müharibədən sonra da insan əzizlərinin, qohumlarının qədrini daha çox bilməyə, vaxtını səmərəli keçirməyə çalışır. Çünki müharibə sənə öyrədir ki, hər an ölümlə üz-üzəsən.
Qorxu hissi də olurdu, amma biz onu həmişə arxa plana keçirirdik. Çünki məqsədimiz tapşırığı sözsüz yerinə yetirib sağ-salamat bazaya qayıtmaq idi.
Yerə enəndən sonra paraşütümü yığmamışdan əvvəl sağ tərəfə baxdım. Gördüm ki, pambıq tarlasıdır, ora düşmüşəm. Səhər vaxtı idi, yer şehli idi, hətta ayaqqabılarım da islanmışdı. Əlimi atıb pambıqdan bir ovuc götürdüm ki, bu anların xatirəsi kimi məndə qalsın (Təbəssümlə).
Ondan sonra havada artilleriya atəşlərini, raketlərin izlərini görürdüm. Paraşütü yığandan sonra kənd camaatı bizi kənardan gördü. Atla gəlib mənə kömək etdilər, çünki paraşüt ağır idi. Sonra yol kənarına çıxdıq. Maşınlar sıra ilə saxlayır, insanlar avtomobillərindən düşüb bizi toplama məntəqəsinə aparırdılar.
- Havadasınız, aşağıda müharibə gedir. Belə bir vəziyyətdə qorxu hissini nə üstələyirdi? Həmin an nə düşünürdünüz?
- Təbii ki, millətimizin arxamızda olduğunu, ailəmizi düşünürdük. Hər bir ailə insan üçün arxa cəbhədir. Onları düşünərək, eyni zamanda içimizdəki qisas hissi ilə daha çox qürurlanırdıq. Bu hisslər qorxunu tamamilə üstələyirdi.
Dövlət Sərhəd Xidmətinin Çevik Hərəkət Qüvvələri və pilotsuz uçuş aparatları (PUA), əsasən də "Harop" tipli PUA-lar bizimlə birgə fəaliyyət göstərirdi. Hamımız bir yumruq kimi idik. Müharibənin gedişatında təkcə "An-2" təyyarələrinin deyil, DSX-nin Çevik Hərəkət Qüvvələrinin, həmçinin pilotsuz uçuş aparatlarının, xüsusilə "Harop"ların fəaliyyəti möhtəşəm idi. Onlar düşmənin "S-300" zenit raket kompleks sistemlərini məhv etmişdilər. Məntəqələr azad olunduqca DSX-nin digər bölmələri həmin ərazilərdə mühafizəni təşkil edirdi.
- Ailənizin sizin üçün arxa cəbhə olduğunu dediniz. Müharibə vaxtı onlarla necə əlaqə saxlayırdınız? Onlar sizin hansı tapşırıqları yerinə yetirdiyinizi bilirdilərmi?
- Təhlükəsizlik qaydalarına görə, əlaqə saxlamağa icazə yox idi. Amma imkan düşdükcə qısa zənglər edib "Yaxşıyam, hər şey qaydasındadır" deyərək onları sakitləşdirirdik. Təbii ki, olduğumuz yeri və ya hansı tapşırığı yerinə yetirdiyimizi demirdik. Narahat qalmasınlar deyə, qısa zənglərlə kifayətlənirdik.
- Dörd il ərzində Dövlət Sərhəd Xidmətinnin Akademiyasında təhsil almısınız, müxtəlif təlimlərdə iştirak etmisiniz. Amma təlimlə müharibənin birbaşa iştirakçısı olmaq arasında böyük fərq var. Öyrəndiklərinizlə real döyüş şəraitində qarşılaşdığınız vəziyyətlər arasında əsas fərq nə idi?
- Biz kursant vaxtı dörd il müddətində davamlı təlimlərdə, paraşüt tullanışlarında iştirak etmiş, uçuşlar yerinə yetirmişdik. Amma təlimlə döyüş arasında çox böyük fərq var. Təlimdə insan rahat olur, o ağır məsuliyyəti tam hiss etmir. Döyüşdə isə həyəcan, həmin torpaqları azad etmək hissi tamamilə başqadır.
Uçuş zamanı təyyarənin yanından artilleriya mərmiləri, raketlər keçirdi. Həm təhlükəli idi, həm də çox qürurverici. Qorxu hissi tamamilə kənarda qalmışdı.
- Aydındır ki, hərbi pilotun təcrübəsi səngərdə döyüşən əsgərin təcrübəsindən fərqlənir. Siz bu fərqi necə ifadə edərdiniz?
- Pilot olmaq səngərdə əsgər olmaqdan fərqlənir. Pilotluq illərlə təcrübə, sınaqlardan keçmək, davamlı uçuşlar tələb edir. Akademiyanın üçüncü, dördüncü kurslarından uçuşlar edirdik. Hərbi hissəyə gəldikdən sonra da mütəmadi uçuşlar həyata keçirirdik. Pilot daim oxumalı, bilik səviyyəsini artırmalıdır. Bu, maşın sürməyə bənzəmir. Maşında nasazlıq olsa, kənara çəkib saxlayırsan. Amma pilot göydə hər hansı hadisə baş verərsə, saniyələr ərzində dərhal çarə tapmalı, bütün biliyini həmin an problemin həllinə yönəltməlidir. Bütün bu təlimlərimiz müharibədə öz sözünü dedi. Səmada olarkən yerin relyefini, artilleriya atəşlərini, irəliləyən ordumuzu yuxarıdan görürsən. Havadan döyüşü izləmək, idarə etmək və nəzarətdə saxlamaq tamamilə fərqli miqyasdır.
- Dediklərinizdən aydın olur ki, sizin üçün bir saniyənin belə böyük əhəmiyyəti olub. Döyüş zamanı həyati əhəmiyyət daşıyan qərarlar verməli olduğunuz anlarda soyuqqanlılığınızı necə qoruyurdunuz?
- Biz soyuqqanlılığı illərlə təlimlər vasitəsilə özümüzdə formalaşdırmışdıq. Əlbəttə, döyüş təlimdən fərqlənir, burada daha çox soyuqqanlılıq və dəqiq düşüncə tələb olunur. Xalqımızın arxamızda olması, Qarabağın azadlığı ideologiyası bizi daha da dəqiq olmağa vadar edirdi. Əsas məqsədimiz tapşırığı dəqiq icra edib hərbi hissəmizə qayıtmaq idi.
- Müharibə günlərindən yaddaşınızda qalan ən ağır və xoş anlar nələr olub?
- Doğrudur, müharibədə yaddaşa yazılan həm mənfi, həm də müsbət anlar oldu. Mənfi anlar o idi ki, çiyin-çiyinə xidmət etdiyimiz qardaşlarımızın, yoldaşlarımızın şəhid olduğunu gördük. Mayor Qasımov Abbas və baş leytenant Gözəlov Xalid... Onların ruhu qarşısında baş əyirik, ailələrinə səbir diləyirik. Onlar ən yüksək zirvəyə ucaldılar. Bu itki yaddaşımızda ağrılı xatirə kimi qaldı.
Müsbət cəhət isə uçuş həyata keçirib Yerə endikdən sonra xalqımızın bizi necə qarşılamağı idi. Atla, maşınla köməyimizə gəlmələri, bizi qucaqlayıb toplama məntəqəsinə aparmaları unudulmaz, qəlbimizi oxşayan xatirələrdir.
- Şəhid olan döyüş yoldaşlarınızdan danışdınız. Bəs onlarla son görüşünüz, son söhbətiniz necə yadınızda qalıb?
- Sonuncu dəfə onlarla bir yerdə çay içdik, yemək yedik. Hər ikisi gözəl, Vətənə sonsuz bağlı insanlar idi. Zarafatlaşardıq. Hətta sonuncu dəfə mayor Abbas Qasımovla bir yerdə olmuşdum. O, tabeliyindəki hərbçilərin qayğısına qalan böyük insan idi. Bir yerdə xidmət etdikcə yoldaşlıq qardaşlığa çevrilir. Biz bir qardaşımızı itirdik... Məkanları cənnət olsun!
- Müharibə zamanı yaranan münasibətləriniz əsasında bu gün də davam edən dostluqlarınız varmı?
- Təbii ki, döyüş yoldaşlarımızla indi də sıx münasibətdəyik. Müharibədən sonra insan itirməyin nə olduğunu bildiyimiz üçün bir-birimizə daha çox bağlanırıq. Müharibə insanları sarsılmaz qardaşlıq bağları ilə birləşdirir.
- Müharibənin ən ağır anlarında sizə güc verən nə idi? Nəyi düşünərək irəli gedə bilirdiniz?
- Bizə güc verən millətimizin, ailəmizin duası və 30 illik Vətən həsrəti idi. O həsrət içimizdəki bütün qorxuları yandırıb kül edirdi və bizi tapşırığı qürurla yerinə yetirməyə sövq edirdi.
- Mübariz bəy, bəs qələbəyə aparan son günləri necə xatırlayırsınız? Noyabrın 8-də Şuşanın azad edilməsi xəbərini eşidəndə hansı hissləri keçirdiniz?
- Noyabrın 8-də cənab Ali Baş Komandanın Zəfər müjdəsini eşidəndə hamımız böyük sevinc hissi keçirdik. 44 gün davam edən ağır mübarizənin, çəkilən əziyyətin bəhrəsini görmək böyük qürur idi. Bu gün də qalib ordunun pilotları kimi işə gələndə qürur duyuruq ki, bu Zəfərdə bizim də zərrə qədər rolumuz olub.
Müharibədən sonra cənab Ali Baş Komandan tərəfindən Cəbrayılın və Zəngilanın azad olunmasına görə, həmçinin "Vətən uğrunda" medalları ilə təltif olundum. Bütün döyüş yoldaşlarım da təltif edildilər. Amma medaldan da üstün olan duyğu azad olunmuş torpaqlarımızda rahat gəzməyimiz və qalib xalq olmağımızdır! (Gülümsəyir).
- Bildiyim qədərilə, oğlunuz var. Onun da gələcəkdə pilot olmasını istərdinizmi? Sizi formada görəndə, işdən gələndə peşənizlə maraqlanırmı?
- Əlbəttə, bir ata kimi oğlumun yüksək təhsil almasını, pilot olmasını çox istərdim. Müharibədən qayıdanda 44 gün idi ki, mənə həsrət qalmışdı. Üstümə qaçıb qucağıma atıldı. O an ata olaraq böyük qürur hissi keçirdim.
Məndən tez-tez soruşur: "Ata, o qədər təyyarəni göndərdiniz, özünüz nə ilə uçacaqsınız?" (Gülür). Bəzən də "ata, pilotluq çətin deyil?" deyə soruşur. Mən də ona başa salıram ki, bu peşə insana böyük qürur verir. Çalışıram ki, gələcəkdə o da bu yolu seçsin.
- Bu gün 44 günlük müharibəni xatırlayanda gələcək nəsillərin anlamasını istədiyiniz ən vacib həqiqət nədir? Gənclərə hansı mesajı vermək istərdiniz?
- Təkcə hərbçilər deyil, hər bir gənc Azərbaycan üçün çalışmalıdır. Gənclərimizə tövsiyə edirəm ki, vətənpərvərlik ruhunda özlərini inkişaf etdirsinlər, ölkəmizi irəli aparsınlar. Çünki biz birlik olub dövlətimizi qorumasaq və inkişaf etdirməsək, bunu bizim yerimizə heç kim etməyəcək!