"Eternity-2026": Azərbaycan, Türkiyə və Gürcüstan strateji obyektlərin mühafizəsi üzrə birgə əməliyyatlar aparacaq

Azərbaycanda keçirilən "Eternity-2026"da Azərbaycan, Türkiyə və Gürcüstan nümayəndələri strateji obyektlərin mühafizəsi üzrə əməliyyatlar aparacaqlar.

Bu barədə "Report"a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, kompüter dəstəkli birgə komanda-qərargah təlimi uğurla davam edir.

Ssenariyə uyğun olaraq, Azərbaycan, Türkiyə və Gürcüstan nümayəndələrindən ibarət birgə qərargahda bölgədən keçən strateji iqtisadi layihələrin və regional enerji-kommunikasiya xətlərinin mühafizəsi üzrə əməliyyatlar planlaşdırılır.

Müasir kompüter simulyasiya sistemləri vasitəsilə mümkün təhdidlər təhlil olunur, böhran vəziyyətlərində qərarlar qəbul edilir, eləcə də qoşun növləri və aidiyyəti dövlət qurumları arasında qarşılıqlı fəaliyyət təşkil olunur.

Təlim poliqonunda isə iştirakçılar əməliyyat rayonunun təcrid olunması, PUA-larla nəzarət, eləcə də partlayıcı qurğuların və naməlum dronların zərərsizləşdirilməsi üzrə fəaliyyətləri yerinə yetirirlər.

Bundan əlavə, hərbi bazaya basqının dəf edilməsi, dəmir yolu xətlərinin və neft-qaz infrastrukturunun təxribatlardan qorunması, yanğınların söndürülməsi və yaralıların təxliyəsi tapşırıqları uğurla icra olunur.

Qeyd edək ki, təlim iştirakçılar arasında birgə planlaşdırma və idarəetmə vərdişlərini təkmilləşdirmək məqsədi daşıyır.

Digər xəbərlər