Şamaxıda əvvəllər məhkum olunan şəxs qaçırdığı qadını döyərək ona ağır xəsarət yetirib - FOTO - ƏLAVƏ OLUNUB

Şamaxı. 2 yanvar. REPORT.AZ/ Şamaxı rayonunda kişi 15 gün öncə qaçırdığı qadını döyərək ona ciddi xəsarət yetirib. 

"Report"un Şirvan bürosunun məlumatına görə, hadisə rayonun Meysəri kəndində baş verib.

Belə ki, kənd sakini, 1986-cı il təvəllüdlü Zöhrə Güloğlan qızı Əlqəmbəyeva qeyri-rəsmi nikahda yaşadığı Şirzad Əsədov tərəfindən döyülüb. O, ağır bədən xəsarətləri ilə Şamaxı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Xəstəxananın Cərrahiyə şöbəsindən "Report"a verilən məlumata görə, xəstəyə qapalı kəllə-beyin travması, baş beynin silkələnməsi, qarın nahiyəsinin qapalı travması, nazik bağırsağın cırılması, sol çiyin qurşağının kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub. Cərrahiyə əməliyyatı olunan xəstənin vəziyyətini həkimlər kafi kimi qiymətləndirirlər. 

Məlumata görə, 35 yaşlı Şirzad Əsədov əvvələr məhkum olunub. O, 15 gün öncə Z.Əlqəmbəyevanı qaçırıb və onlar qeyri-rəsmi nikahda yaşayıblar. Qadın əvvəllər bir dəfə evli olub. 

Faktla bağlı Şamaxı Rayon Polis Şöbəsində araşdırma aparılır.

Digər xəbərlər

Xalq artisti Zaur Rzayev vəfat edib 29 oktyabr, 2026 / 18:54