Qazaxda yanacaq daşıyan avtomobilin yanması nəticəsində bir nəfərin ölməsi faktı araşdırılır - YENİLƏNİB-3

Qazax rayonunun Xanlıqlar kəndi ərazisində "SOCAR PETROLEUM" QSC-yə məxsus 7 saylı neft bazası sahəsində yanğın hadisəsi yanacaq daşıyan avtomobildə doldurma prosesi zamanı baş verən partlayışla əlaqədardır.

"Report" xəbər verir ki, bu barədə QSC-nin məlumatında deyilir.

Bildirilib ki, yanğın hadisəsi ilə bağlı dərhal Fövqəladə Hallar Nazirliyinə məlumat verilib.

Yanğınsöndürənlər tərəfindən həyata keçirilmiş tədbirlər sayəsində yanğının ətrafa yayılmasının qarşısı alınıb, qısa müddətdə məhdudlaşdırılması təmin olunaraq tam söndürülüb.

Hadisə nəticəsində neft bazası sahəsində süzücü-doldurucu vəzifəsində çalışan İbrahimov Şamil Zabit oğlu həyatını itirib.

Qeyd olunub ki, hazırda yanğının başvermə səbəbləri araşdırılır.

Bundan əlavə, Qazax Rayon Mərkəzi Xəstəxanasından sorğuya cavab olaraq məlumat verilib ki, bu gün saat 13:30 radələrində Qazax rayonunda baş verən partlayış səbəbilə xəsarət alan 1 nəfər (kişi) Qazax Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. 1994-cü il təvvəlüdlü şəxsə hər iki əlinin 2-ci dərəcəli termiki yanığı diaqnozu təyin edilib. Hazırda pasiyentin müalicəsi Təcili tibbi yardım şöbəsində davam etdirilir. Vəziyyəti orta stabil olaraq qiymətləndirilir.

Qazaxda avtomobildə baş vermiş partayış nəticəsində bir nəfərin ölməsi faktı ilə bağlı araşdırma aparılır.

Bu barədə "Report"a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Qazax şəhər sakini, 1994-cü il təvəllüdlü Şəmil İbrahimovun Qazax Neft Baza Sahəsinin həyətində "MAN" markalı avtomobildə baş vermiş partlayış nəticəsində ölməsi faktı üzrə Qazax rayon prokurorluğunda araşdırma aparılır.

Qazaxda yanacaq daşıyan avtomobilin yanması nəticəsində bir nəfər ölüb.

Bu barədə "Report"a FHN-dən məlumat verilib.

Bildirilib ki, Qazax rayonu, Xanlıqlar kəndi ərazisində yanacaq daşıyan avtomobildə baş vermiş yanğın FHN-in qüvvələri tərəfindən ətrafa yayılmasına imkan verilmədən qısa müddətdə tam söndürülüb.

Yanğın nəticəsində yanacaq daşıyan avtomobilin yanar konstruksiyaları yanıb, bir nəfər həyatını itirib.

Yaxınlıqdakı yanacaq çənləri yanğından mühafizə olunub.

Qazax rayonu, Xanlıqlar kəndi ərazisində yanacaq daşıyan avtomobildə yanğın baş verib.

Bu barədə "Report"a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, yanğınsöndürənlər tərəfindən həyata keçirilən zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğın ətrafa yayılmasına imkan verilmədən qısa müddətdə məhdudlaşdırılıb.

Hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam edir.

Digər xəbərlər