Bakı. 14 iyun. REPORT.AZ/ İyunun 9-da Qaradağ rayonunun Sahil qəsəbəsi ərazisində yolu keçən piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, DİN-in Baş İstintaq və Təhqiqat İdarəsinin əməkdaşları tərəfindən təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri keçirilib.
Araşdırmalarla hadisə yerində ölən şəxsin qəsəbə sakini Nəriman Məmmədov olduğu, yol qəzasının isə “VAZ-21015” markalı avtomobillə törədildiyi müəyyən edilib.
Görülmüş tədbirlərlə yol qəzasını törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən həmin nəqliyyat vasitəsini idarə edən Bakı şəhər sakini Səlim Səfərov saxlanılaraq istintaqa təhvil verilib.