Binəqədidəki yanğınla bağlı avtomobillərin hərəkətində məhdudlaşma yoxdur - YENİLƏNİB - 1

Bakının Binəqədi rayonu ərazisində mebel sexində baş vermiş yanğınla bağlı yolda hərəkət iştirakçılarının təhlükəsizliyi tam təmin olunur.

"Report" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən bildirilib.

Qeyd olunub ki, baş vermiş hadisə ilə əlaqədar Post-Patrul Xidməti və yol polisi əməkdaşları tərəfindən nəzarət tədbirləri gücləndirilib. Görülən zəruri tədbirlər nəticəsində yolda nəqliyyat vasitələrinin hərəkətində məhdudlaşma yoxdur.

Hadisə yerində olan "Report"un əməkdaşı xəbər verir ki, hazırda sahibkarlar mallarını yanğın baş verən ərazidən çıxarırlar. Qeyd olunub ki, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən yanğının söndürülməsi və daha geniş əraziyə yayılmasının qarşısının alınması istiqamətində zəruri tədbirlər davam etdirilir.

Binəqədi rayonu, ərazisində mebel sexində baş vermiş yanğınla bağlı polis əməkdaşları dərhal əraziyə cəlb olunublar.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, hadisə yerində vətəndaşların təhlükəsiz şəkildə təxliyə olunması, ərazinin nəzarətə götürülməsi, həmçinin yanğınsöndürmə qüvvələrinin maneəsiz fəaliyyətinin təmin edilməsi məqsədilə operativ tədbirlər görülür.

Həmçinin polis əməkdaşları tərəfindən avtomobil yolunda sıxlığın aradan qaldırılması və hərəkətin tənzimlənməsi məqsədilə zəruri işlər davam etdirilir.

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Baksol yolu adlanan ərazidə mebel sexində yanğın baş verməsi barədə məlumat daxil olub.

Bu barədə "Report"a FHN-dən məlumat verilib.

Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb edilib.

Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

Digər xəbərlər