Bakı. 14 dekabr. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasında çıxış edən "Qəbələ" qış təlim-məşq toplanışı üçün Türkiyənin Antalya bölgəsinə üz tutacaq. Bu barədə "Report"a klubun baş meneceri Zaur Əzizov məlumat verib.
Onun sözlərinə görə, komanda yanvarın 9-da toplanışa start verəcək. Hazırlıq ayın 25-dək davam edəcək.
"Qırmızı-qaralar" Azərbaycan Kubokunun 1/4 final mərhələsində Bakıda AZAL-la keçirəcəkləri cavab oyunundan sonra istirahətə buraxılacaq. Legioner futbolçular toplanışa öz ölkələrindən yollanacaq.
Komanda Antalyanın Belek bölgəsində yerləşən "Qloriya Sereniti" hotelində məskunlaşacaq.