Bakı. 25 fevral. REPORT.AZ/ Bu gün futbol üzrə Türkiyə Super Liqasında 2019-cu ilin ilk İstanbul derbisi olacaq.
“Report”un məlumatına görə, XXIII tura “Beşiktaş” – “Fənərbağça” matçı ilə yekun vurulacaq. Bu qarşılaşma 95 illik rəqabətin 349-cu dueli kimi tarixə düşəcək. Qonaqlar indiyə qədər baş tutmuş görüşlərdən 132-də qalib gəlib. Meydan sahibləri 124 qələbəyə sevindikləri halda, 92 dəfə bərabərlik qeydə alınıb.
“Qartallar”la “sarı bülbüllər” 1959-cu ildən keçirilən ölkə çempionatlarında 125 dəfə üz-üzə gəliblər. Burada da statistik göstəricilərdə üstün olan komanda “Fənər”dir: 46 qələbə, 40 heç-heçə və 39 məğlubiyyət. Bu kollektivlər arasında son oyunda qalib müəyyənləşməyib – 1:1.
Tarixinin ən ağır mövsümlərindən birini yaşayan və 15-ci pillədə qərarlaşan “Fənərbağça” düşmə zonasındakı “Bursaspor”la eyni – 24 xala malikdir. “Beşiktaş” isə çempionluq yarışında lider “Başakşehir”dən 12 xal geri qalır. Şenol Günəşin baş məşqçi olduğu komanda 39 xalla 3-cü yerdədir. Başqa sözlə, komandalar turnir cədvəlinin əks qütblərində və simmetrik pillələrindədirlər.
“Beşiktaş”ın heyətində Adem Lyayiç cəzalı durumdadır. Gözündə problem olan Oğuzhan Özyakupun meydana çıxıb-çıxmayacağı isə bəlli deyil. Cari mövsümdə səfərdə keçirdiyi 11 oyundan yalnız 1-də qalib gələn, 4 dəfə heç-heçə edib, 6 görüşdə uduzan “Fənərbağça”da zədəli Mehmet Ekici oyunu buraxacaq. Baş məşqçi Ersun Yanal eyni səbəbdən Hasan Ali Kaldırım ve Matyö Valbuenanın xidmətindən yararlanmaya bilər.
Komandaların təxmini “11-lik”ləri aşağıdakı kimidir:
“Beşiktaş”: Loris Karius, Gökhan Gönül, Nikolya İzima-Miren, Domaqoy Vida, Caner Erkin, Atiba Hatçinson, Dorukhan Toköz, Rikardu Quareşma, Sindzi Kaqava, Cermeyn Lens (Güven Yalçın), Burak Yılmaz
“Fənərbağça”: Volkan Demirel, Maurisio İsla, Martin Şkrtel, Sadık Çiftpınar, İsmail Köybaşı (Hasan Ali Kaldırım), Mehmet Topal, Jailson, Tolqay Arslan, Nabil Dirar, Viktor Mozes, Roberto Soldado
Türkiyə Super Liqası
XXIII tur
25 fevral
22:00. “Beşiktaş” – “Fənərbağça”
Baş hakim: Bülent Yıldırım
Yan xətt hakimləri: Mustafa Emre Eyisoy və Asım Yusuf Öz
Dördüncü hakim: Serkan Tokat
VAR hakimi: Cüneyt Çakır
İstanbul, “Vodafone Park”.