UEFA Çempionlar Liqasının qrup mərhələsində V turun daha 6 oyunu keçirilib.
"Report"un məlumatına görə, bununla 1/8 finalın növbəti 3 iştirakçısı bəlli olub.
G qrupunda Dortmund "Borussiya"sı Almaniyada İngiltərənin "Mançester Siti" klubu ilə qolsuz heç-heçə edərək, adını pley-offa yazdırıb.
H qrupunda isə Fransa PSJ-si və Portuqaliya "Benfika"sı növbəti mərhələyə adlayıblar. Paris klubu buna evdə İsrailin "Makkabi" (Hayfa) komandasını 7:2, Lissabon təmsilçisi isə İtaliya "Yuventus"unu 4:3 hesabı ilə məğlub etməklə nail olub.
E qrupunda Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi Zaqreb "Dinamo"su Xorvatiyada İtaliya "Milan"ını qəbul edib. 25 yaşlı hücumçu komandasının 0:4 hesabı ilə darmadağın olduğu matçı ehtiyat oyunçular skamyasından izləyib.
F qrupunda "Leyptsiq" Almaniyada İspaniya "Real Madrid"inə 3:2 hesabı ilə qalib gəlib. Digər matçda isə Ukraynanın "Şaxtyor" (Donetsk) komandası Şotlandiyada "Seltik"lə heç-heçə edib - 1:1.
Çempionlar Liqası
Qrup mərhələsi, V tur
25 oktyabr
E qrupu
20:45. "Zaltsburq" (Avstriya) - "Çelsi" (İngiltərə) - 1:2
Qollar: Çikvubuyke Adamu, 49 - Mateo Kovaçiç, 23. Kay Haverts, 64
23:00. "Dinamo" (Zaqreb, Xorvatiya) - "Milan" (İtaliya) - 0:4
Qollar: Matteo Qabbiya, 39. Rafael Leao, 50. Olivye Jiru, 59 (penalti). Robert Lyubiçiç, 69 (avtoqol)
Xal durumu: "Çelsi" - 10, "Milan" - 7, "Zaltsburq" - 6, "Dinamo" - 4