"Azərbaycan milli komandası ilə Norveçlə qarşılaşanda Stiven Siqal döyüş sənətləri məktəbi açmaq üçün Bakıda idi. Komandamızın məskunlaşdığı hoteldə iki gün qaldı və matçımızı izlədi".
"Report"un məlumatına görə, bu fikirləri Almaniyanın "Ertzgebirge" klubunda çıxış edən Azərbaycan millisinin futbolçusu Dmitri Nazarov "Tag24" nəşrinə açıqlamasında ABŞ-ın tanınmış iş adamı və aktyoru Stiven Siqalla görüşü baradə danışarkən deyib.
30 yaşlı hücumçu həmin vaxt onunla bir araya gəldiyini və bunun özü üçün təcrübə olduğunu bildirib. Nazarov Siqalın filmlərinə baxmağı çox xoşladığını sözlərinə əlavə edib. Oyunçu tanınmış aktyorla çəkdirdiyi fotonu indiyədək "WhatsApp"da profil şəkli kimi saxladığını vurğulayıb.
Qeyd edək ki, Dmitri Nazarov 2014-cü ildən Azərbaycan millisinə dəvət alır. Təcrübəli forvard "Ersgebirge"də 2016-cı ildən çıxış edir. Həmin il Azərbaycan yığması Norveçi DÇ-2018-in seçmə oyununda 1:0 hesabı ilə məğlub edib.