AFFA bütün klublara “Nike” şirkətinin toplarını paylayacaq

Bakı. 1 may. REPORT.AZ/ AFFA bütün klublara “Nike” şirkətinin toplarını paylayacaq.

“Report”un məlumatına görə, bunu Klublar Komitəsinin sədri Kamran Quliyev qurumun bugünkü iclasından sonra təşkil etdiyi brifinqdə deyib.

O, bildirib ki, toplar milli assosiasiya tərəfindən pulsuz veriləcək: “Bir neçə iclas bundan öncə AFFA-ya müraciət etmişdik ki, Avropada belə bir təcrübə var - böyük bir şirkətlə müqavilə bağlanılır və o şirkət çempionatı toplarla təmin edir. AFFA bu gün bizə məlumat verdi ki, danışıqlar bitib. "Nike" şirkəti ilə AFFA-nın əməkdaşlığı olacaq. Bütün komandalara “Nike” toplarından pulsuz paylanılacaq. Əlavə istəyənlər olsa, sərfəli şərtlərlə verilə bilər. Bu, yaxşı haldır və AFFA-dan klublara olan dəstəkdir". 

K.Quliyev AFFA-nın "InStat" şirkəti ilə bağladığı müqaviləyə də toxunub: "Dünyanın nəhəng şirkəti “InStat”la AFFA əməkdaşlıq müqaviləsi imzalayıb. Hər kluba statistika və skaut məlumatları veriləcək. Onlarla dostluq olacaq. Bu, əməkdaşlıq çərçivəsində baş tutacaq. Hər klub təxminən 5 mindən 25 minə qədər xərcləyib. Klublar ortalama bir il ərzində 13-14 min qənaət edəcək. Bu isə AFFA-nın dəstəyi ilə olacaq. Bu, çox yaxşı haldır”.

Digər xəbərlər