Bakı. 10 oktyabr. REPORT.AZ/ 2020-ci il Tokio Yay Olimpiya Oyunlarında qaçqınların komandası da iştirak edəcək.
“Report”un məlumatına görə, bu barədə qərar Beynəlxalq Olimpiya Komitəsinin Argentinanın paytaxtı Buenos-Ayresdə keçirilən iclasında qəbul olunub. Qurumun rəhbəri Tomas Bax bildirib ki, hazırda 50-dən çox idmançı bu komandanın heyətində Oyunlara qatılmaq üçün qeydiyyatdan keçib.
Qaçqınların komandası ilk dəfə 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında iştirak edib. Həmin vaxt Suriya, Konqo Demokratik Respublikası, Cənubi Sudan və Efiopiyadan olmaqla, 3 idman növü üzrə 10 idmançı yarışlarda iştirak edib. Lakin onlardan heç biri medal qazana bilməyib.
Qeyd edək ki, hazırda Buenos-Ayresdə Yeniyetmələrin III Yay Olimpiya Oyunları keçirilir.