"Üzgüçülük hamı üçün" layihəsinin keçirilməsində əsas məqsəd idmanın kütləviliyinə nail olmaq, eyni zamanda, sağlam həyat tərzininin təbliğini aparmaqdır.
"Report"un məlumatına görə, bunu gənclər və idman naziri Fərid Qayıbov sözügedən yarışın açılış mərasiminin ardından jurnalistlərə açıqlamasında deyib.
O, yarışın əhəmiyyətindən danışıb:
"Yarışın keçirilməsində əsas məqsəd idmanın kütləviliyinə nail olmaq, eyni zamanda, sağlam həyat tərzininin təbliğini aparmaqdır. "Üzgüçülük hamı üçün" layihəsi artıq dördüncü dəfə təşkil edilir. Yarışda həvəskar idmançıların da çıxış etdiyini xatırladaq. Bölgələrdəki hovuzlarda uğur qazanmış idmançılar 1 ay sonra finalda mübarizə aparacaqlar. Sevindirici haldır ki, artıq üçüncü dəfə qardaş ölkə Türkiyədən olan idmançılar da yarışda iştirak edirlər. Arenadan da göründüyü kimi, yarışa maraq yüksək səviyyədədir".
Qeyd edək ki, yarışda 9–10 yaş, 11–12 yaş, 13–14 yaş, 15–16 yaş, 17–19 yaş, 20–24 yaş, 25–29 yaş, 30–34 yaş, 35–39 yaş, 40–44 yaş, 45–49 yaş, 50–54 yaş, 55–59 yaş və 60 yaşdan yuxarı, ümumilikdə 1551 iştirakçı mübarizə aparır. Yarışlar Bakı şəhəri və regionlarda yerləşən ümumilikdə 37 üzgüçülük hovuzunda keçirilir.