Messi DÇ-2026-nın finalında iki rekorda imza atıb

ABŞ, Kanada və Meksikanın ev sahibliyi etdiyi futbol üzrə dünya çempionatının finalında İspaniyaya qarşı start heyətində meydana çıxan Argentina millisinin hücumçusu Lionel Messi iki tarixi göstəriciyə imza atıb.

"Report" xəbər verir ki, 39 yaşlı futbolçu dünya çempionatları tarixində üç final matçında iştirak edən ikinci oyunçu olub.

Messi bundan əvvəl 2014-cü ildə Almaniyaya və 2022-ci ildə Fransaya qarşı keçirilən final görüşlərində də forma geyinmişdi. Bu uğura ondan əvvəl yalnız braziliyalı Kafu nail olmuşdu. Kafu 1994, 1998 və 2002-ci illərdə mundialın finalında çıxış edib.

Bununla yanaşı, Messi dünya çempionatları tarixində final oyununa üç dəfə start heyətində başlayan ilk futbolçu kimi də tarixə düşüb. Kafu isə 1994-cü il mundialının finalında zədələnən komanda yoldaşı Jorjinyonu əvəz edərək ilk hissədə meydana daxil olmuşdu.

Argentina millisinin kapitanı həmçinin dünya çempionatlarının finalında meydana çıxan ən yaşlı meydan oyunçusu rekordunu yeniləyib. O, 39 yaşında final görüşünə start verməklə 1958-ci il dünya çempionatının həlledici matçında 37 yaş 241 günlük olarkən oynayan isveçli Qunnar Qreni geridə qoyub.

Bununla belə, mundialların final oyunlarında meydana çıxan ən yaşlı futbolçu rekordu hələ də italiyalı qapıçı Dino Zoffa məxsusdur. O, 1982-ci ildə Almaniya Federativ Respublikasına qarşı final matçında 40 yaş 133 günlük olarkən meydana çıxmışdı.

39 yaşlı Messi 2023-cü ildən ABŞ-nin "İnter Mayami" klubunda çıxış edir. O, daha əvvəl Fransanın PSJ və İspaniyanın "Barselona" klublarının formasını geyinib.

Digər xəbərlər