Azərbaycanın batut gimnastikası üzrə milli komandasının üzvləri Selcan Mahsudova və Maqsud Mahsudov Çinin Nankin şəhərində keçirilən batut gimnastikası və tamblinq üzrə dünya çempionatında gümüş medal qazanıblar.
"Report" xəbər verir ki, bacı-qardaş dueti batut gimnastikasında qarışıq sinxron proqramın finalında 52.010 xal toplayaraq yarışı ikinci pillədə başa vurub.
Bu nəticə ilə Selcan və Maqsud Mahsudovlar qarışıq sinxron proqramda dünya çempionatının gümüş medalını qazanan ilk Azərbaycan təmsilçiləri olublar.
Finalda Belarus gimnastları qızıl, Yaponiya təmsilçiləri isə bürünc medala sahib olublar.
Qeyd edək ki, Azərbaycan gimnastları dünya çempionatında digər proqramlar üzrə də mübarizələrini davam etdirirlər.