Avqustun 16-sı axşam saatlarında Heydər Əliyev adına Neft Emalı Zavodunun (NEZ) 150 mm-lik yeraltı yüngül fleqma xəttində qəza baş verib.
SOCAR-ın Təhlükəsizlik İdarəsi rəisinin müşaviri Səbuhi Şəldiyev “Report”a deyib ki, hadisə boru kəmərinin NZS qəsəbəsi, İlham Məmmədov küçəsindən keçən hissədə qeydə alınıb:
“SOCAR-ın Təhlükəsizlik İdarəsinin əməkdaşları tərəfindən aşkarlanan güclü axıntı barədə dərhal NEZ-in qəza bərpa xidmətinə məlumat verilib və nasos söndürülüb.
Əraziyə baxış keçirilən zaman boru xəttinin sızma baş verən hissəsinin Qaflanov Mirzağa Mahmud oğlu tərəfindən zəbt olunduğu müəyyənləşdirilib. Boru kəmərinin keçdiyi ərazinin hasara alınması qəzanın aradan qaldırılması zamanı xüsusi texnikaların işləməsini xeyli çətinləşdirib. Ona görə də qəza bərpa xidmətinin əməkdaşları tərəfindən əl əməyindən istifadə etməklə boru xətti təmir olunub. Həmçinin ərazini qanunsuz olaraq zəbt etmək məqsədiylə çəkilər hasarlar və digər tikililər sökülüb”.
Qeyd edək ki, boru kəmərlərinin mühafizə zonasının müəyyən edilməsinə dair Nazirlər Kabinetinin 2004-cü il 2 noyabr tarixli qərarı mövcuddur. Bu qərara əsasən, boru kəmərlərinin hər tərəfindən 50 metr mühafizə zonası müəyyən olunur. Kənd təsərrüfatı təyinatlı torpaqlarda isə mühafizə zonası 25 metr götürülür. Mühafizə zonasında tikinti işlərinin və digər işlərin aparılması qadağan edilir. Neft və qaz kəmərlərinin mühafizə zolağında evlərin tikilməsi bu kəmərlərə zəruri hallarda texniki xidmətin göstərilməsi, o cümlədən qəza hallarında operativ müdaxilənin və təmir-bərpa işlərinin aparılmasına ciddi şəkildə maneə yaradır. Bundan başqa, neft-qaz sızması nəticəsində partlayışlar baş verə bilər ki, bu da həmin ərazidə yaşayan insanların həyatı üçün təhlükə yaradır.
Qanunsuz olaraq zəbt etdiyi torpaq sahəsində qəza baş verən Qaflanov Mirzəağa deyib ki, hadisə dünən axşam 18:00 radələrində baş verib. "Bağa tərəvəz yığmağa gələndə gördüm ki, neft iyi gəlir, uşaqları çağırdım onlarda dərhal polisə zəng etdi. Təxminən 10-12 il əvvəl buranı hasara almışam, hələlik ev tikmək məqsədim yox idi, tərəvəz əkmək üçün istifadə edirdim. Ərazidə məskunlaşmaq təhlükəli olduğuna görə, burda heç bir tikinti işi aparmamışam”.