STAR zavodu xam neft idxalını 5 %-dən çox artırıb

Bu ilin iyun ayında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki aktivi olan STAR Neft Emalı Zavodu 1 milyon 30 min 335 tona yaxın xam neft idxal edib.

Bu barədə “Report” Türkiyənin Enerji Bazarının Tənzimlənməsi Qurumuna (EPDK) istinadən məlumat verir.

Bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 52 min 682 ton və ya 5,4 % çoxdur. Bu, Türkiyəyə idxal edilən xam neftin 21,35 %-i deməkdir.

2023-cü ilin may ayında Türkiyədə neft məhsulları istehsal edən neft email zavodları tərəfindən 3 milyon 88 min 314 tondan çox xam neft idxal edilib. Bu, ötən ilin eyni ayın göstərici ilə müqayisədə 81 min 283 ton və ya 2,56 % azdır.

Qeyd edək ki, STAR-ın açılışı 19 oktyabr 2018-ci ildə olub. Zavodun təməli isə 5 oktyabr 2011-ci ildə qoyulub. STAR Türkiyənin ilk Strateji Sərmayə Təşviq Sənədinə sahibdir. 2019-cu ilin sentyabr ayından etibarən zavod tam gücü ilə işləməyə başlayıb.

Zavod ildə 12 milyon ton xam neft emal gücünə malikdir. Müəssisədə “Urals”, “Azeri Light” və “Kərkük” neft növlərini emal etmək mümkündür. Əsas məhsullarını dizel yanacağı (4,8 milyon ton), təyyarə yanacağı, nafta (1,6 milyon ton), maye neft qazı, qarışıq ksilol, neft koksu təşkil edir.

Digər xəbərlər