Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və İtaliyanın “Eni S.P.A” şirkəti Cənubi Qafqaz regionunda bioyanacağın istehsalı və ənənəvi neft emalı zavodlarının bioemal zavodlarına çevrilməsi imkanlarını öyrənəcək.
"Report" xəbər verir ki, bu barədə “Eni”nin press-relizində deyilir.
Şirkət xatırladır ki, sentyabrın 5-də Azərbaycan Prezidenti İlham Əliyevin İtaliyaya işgüzar səfəri çərçivəsində “Eni” və SOCAR arasında enerji təhlükəsizliyi, istixana qazlarının azaldılması və bioyanacaq istehsalı zənciri sahələrində 3 anlaşma memorandumu imzalanıb.
“Birinci memorandum bütövlükdə Avropanın və xüsusilə İtaliyanın enerji təhlükəsizliyini gücləndirmək məqsədilə karbohidrogenlərin kəşfiyyatı və hasilatı sahəsində “Eni” və SOCAR arasında əməkdaşlığın genişləndirilməsini nəzərdə tutur”, - məlumatda bildirilib.
İkinci memorandum “Eni” və SOCAR arasında ən yaxşı mövcud texnologiyalar tətbiq edilməklə Azərbaycanın hasilat sektorunda enerji səmərəliliyinin artırılması və istixana qazları emissiyalarının azaldılması üzrə əməkdaşlığa yönəlib.
“Bura müxtəlif sənaye sektorlarında mövcud zavodlardan karbon tutma və nəqletmə həllərinin qiymətləndirilməsi, Azərbaycandakı yataqlarda saxlanması və istifadə edilməsi (CCUS), eləcə də bərpa olunan enerji mənbələrinin inkişafı layihələri üçün imkanların müəyyən edilməsi daxildir”, - məlumatda qeyd olunub.
Bundan əlavə, hər iki şirkət Kənd Təsərrüfatı Nazirliyi ilə birlikdə üçtərəfli memorandum çərçivəsində bioyanacaq istehsalı zəncirində əməkdaşlıq imkanlarını öyrənəcək.
“Bu memorandum çərçivəsində tərəflər həm “ENI”, həm də “Enilive” şirkətlərinin dərin bilikləri və texnologiyalarından istifadə edilməklə, ənənəvi neft emalı zavodlarının bioemal zavodlarına çevrilməsi məqsədilə Azərbaycanda və bütövlükdə Qafqaz regionunda deqradasiyaya uğramış torpaqlarda enerji bitkilərinin inkişaf etdirilməsi layihələrini, taxılla növbəli əkində ikinci dərəcəli bitkilərin tətbiqi, aqrar-sənaye və emal olunmuş bitki yağları (UCO) kimi digər tullantıların valorizasiyasını qiymətləndirəcəklər.
Press-relizdə qeyd olunub ki, SOCAR ilə imzalanmış sazişlər “Eni” şirkətinin 2050-ci ilə qədər karbon neytrallığına nail olunması ilə bağlı dekarbonizasiya strategiyasına uyğundur, eləcə də İtaliya və Avropada enerji təhlükəsizliyini və enerji təchizatının rəqabət qabiliyyətini təmin etmək üçün strateji əməkdaşlığın müəyyənləşdirilməsinə töhfə verir.