Qazaxıstanın “Satti” üzən qazma qurğusu Azərbaycanı tərk edir.
Bu barədə “Report”a neft-qaz sektorundakı mənbə məlumat verib.
Mənbə bildirir ki, üzən qazma qurğusunun Azərbaycan sularından getməsinə səbəb Türkmənistanda növbəti 5 il müddətində həyata keçiriləcək yeni layihələrdə istifadə ediləcək.
O bildirib ki, bunun üçün də üzən qazma qurğusu yeniləcək və onun dizaynında bir sıra dəyişiklər ediləcək: “Əslində, bu yenilənmə işləri Qazaxıstanda aparılmalı idi. Amma sonradan bunu Azərbaycanda aparılması ilə bağlı qərar qəbul edilib. Yenilənmə işləri isə Azərbaycan Dövlət Neft Şirkətinə məxsus “Caspian Driling Company” şirkətinin bazasında aparılacaq. Tez bir zamanda “Satti” Türkmənistan tərəfinə təhvil veriləcək”.
Mənbə qeyd edib ki, qurğunun hələ daha 3 ay müddətində Azərbaycanda qalacağı ehtimal edilir: “Bu ilin ikinci yarısında “Satti” üzən qazma qurğusunun Türkmənistanda quraşdırılması nəzərdə tutulub”.
Qeyd edək ki, “Satti” üzən qazma qurğusu Qazaxıstanın “KazMunayQaz” şirkətinə məxsusdur. Bu qazma qurğusu ilə Abşeron yarımadasının ətrafındakı dayazsulu sahədə yerləşən perspektiv strukturlarda və yataqlarında qazma işləri həyata keçirilib.