Bu ilin iyul-sentyabr ayları ərzində Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən 1,8 milyon ton neft emal edilib.
“Report” xəbər verir ki, bu barədə SOCAR-ın 2022-ci ilin 3-cü rübündə qazma, hasilat, emal və ixrac göstəricilərinə dair məlumatında deyilir.
Bildirilir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,6 % azdır.
Bu dövr ərzində SOCAR tərəfindən 898 milyon kubmetr qaz emal edilib. Qaz emalı ötən ilin analoji dövrü ilə müqayisədə 10,6 % artıb.
Həmçinin, rüb ərzində SOCAR-ın Azərbaycandakı müəssisələrində istehsal olunmuş 591 min tona yaxın neft, neft-kimya və qaz-kimya məhsulları xarici bazarlara ixrac edilib. Bu, ötən ilin üçüncü rübü ilə müqayisədə 45 % azdır.
Qeyd edək ki, SOCAR-ın emal prosesi Heydər Əliyev adına Neft Emalı Zavodunda (NEZ) həyuata keçirilir. Heydər Əliyev adına NEZ Azərbaycan neftinin 24 çeşidindən 21-ni emal edərək 15 növ məhsul istehsal edir. Bu məhsulların siyahısına benzin, aviasiya kerosini, dizel yanacağı, neft koksu və mazut daxildir. Qeyd edək ki, NEZ ölkədaxili tələbatının əsas hissəsini təmin edir.
2017-ci ilə kimi zavodda 300 milyon tondan artıq, 2019 və 2020-ci illərdə müvafiq olaraq, 6 milyon və 5,9 milyon ton neft emal olunub. Lakin zavodun qurğularının köhnəlməsi və tələbatın artımı nəzərə alınaraq onun yenidən qurulması və modernizasiyasının həyata keçirilməsi haqqında qərar verilib. Bundan əlavə, ətraf mühit və insan sağlamlığının qorunması ilə əlaqədar yeni qurğuların quraşdırılması da aktuallaşıb. NEZ-in istehsal gücünün artırılması, hazırkı xərclərin optimallaşdırılması, neft məhsullarının keyfiyyətinin “AVRO-5” standartına çatdırılması, eləcə də “Azərikimya” İB-in xammala olan tələbatının ödənilməsi məqsədi ilə zavodun yenidən qurulması və modernləşdirilməsi layihəsi uğurla davam etdirilir. Layinənin başa çatması ilə Heydər Əliyev adına NEZ-in illik ilkin emal gücü 6 milyon tondan 7,5 milyona tona, Katalitik krekinq qurğusunun istehsal gücü isə ildə 2 milyon tondan 2,5 milyon tona qədər artırılmalıdır.
Layihə mərhələli şəkildə icra edilir. 2018-ci ilin dekabrında layihənin birinci mərhələsi sona çataraq istehsal gücü illik 400 min ton olan yeni bitum qurğusu istismara verillib və ölkənin bu sahədə tələbatı tam ödənilib. Bundan əlavə, maye neft qazı (LPG) doldurma məntəqəsi istifadəyə verilib. Birinci mərhələ bitdikdən sonra, “Azərkimya" İB-nin buxar krekinq qurğusunu ilkin xammalla təchiz edilməsi üçün imkan yaranıb. Növbəti mərhələdə zavodun cari qurğularının yeni qurğularla əvəzlənməsi həyata keçirilir. 2023-cü ildə mühərrik yanacaqlarının “AVRO-5” standartının tələblərinə çatdırılması proqnozlaşdırılır.